Həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3 - 295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10 - 24 000 manat arası təşkil edir. Bu, icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova səhiyyə işçilərinin, o cümlədən həkimlərin əməkhaqqıları ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirərkən deyib.
"Medicina" xəbər verir ki, departament rəhbəri həkimlərin az maaş alması barədə cəmiyyətdə müzakirə olunan fikirləri yanlış hesab edir.
"Səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqqıları təkcə müayinələr qarşılığında ödənilən bonuslardan və ya ödənişlərdən ibarət deyil. Həkimlərin əməkhaqqıları bir neçə mənbədən formalaşır: aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus), əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.
Belə ki, həkimlərin aylıq vəzifə (tarif) maaşı 9-15 dərəcə arasında dəyişərək 478-607 manat, aylıq sabit həvəsləndirici əlavəsi isə 800 manat təşkil edir. Bununla yanaşı, həkimlər işin nəticəsinə görə həvəsləndirici əlavələr - yəni bonus da alırlar.
Qeyd edək ki, həkimlərin bonuslarına tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun olaraq 1,2; 1,3; 1,4; 1,5 əmsallar tətbiq edilir. Belə ki, həkimin bonusu işlədiyi tibb müəssisəsinin aid olduğu kateqoriya əmsalına vurulur.
Nümunə: Ambulator fəaliyyət üzrə həkim-pediatrın 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 518 AZN, aylıq sabit həvəsləndirici əlavəsi 800 AZN və ortalama bonusu 500 AZN (rəqəm şərtidir, məbləğ aylıq pasiyent qəbulu və icra edilən tibbi prosedurların sayına görə dəyişir) təşkil edir. 2B kateqoriyalı ümumi profilli xəstəxanada həkimin bonusu 1,2 əmsalı ilə hesablanırsa, 3B kateqoriyalı çoxprofilli xəstəxanada 1,4 əmsalı ilə hesablanır. Beləliklə, 2B kateqoriyası üzrə həkimin aylıq ümumi əməkhaqqısı 1 918 AZN (518+800+500x1,2), 3B kateqoriyası üzrə isə 2 018 AZN (518+800+500x1,4) təşkil edəcək. Qeyd edək ki, məvaciblər vergilər və digər məcburi ödənişlər daxil olmaqla göstərilib.
\
“Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq, günlük bonus hesablanan pasiyent sayı 15-35 pasiyent arasında dəyişir. Bu səbəbdən yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil. Ay ərzində (22 iş günü götürülərsə) həkimə müayinə etdiyi 330-770 arası pasiyent sayına görə bonus hesablanır”.
Məsələn, ixtisaslı həkim tərəfindən müayinə edilən hər pasiyentə görə tibb müəssisəsinə 17 manat ödənilir. Müvafiq Qaydaya əsasən, hər pasiyentə görə bu məbləğin 8%-i (1,36 AZN) həkimin əməkhaqqısına əlavə edilir. Həkim gün ərzində 35, ay ərzində 770 xəstə qəbul edərsə, o, 1 047 manat bonus almış olur.
Beləliklə, həkim bonusla yanaşı, ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.
Qeyd etmək olar ki, bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alır.
Nümunə: 12-ci dərəcəli həkim-travmatoloqun aylıq vəzifə (tarif) maaşı 538 manat, aylıq sabit həvəsləndirici əlavəsi 800 manatdır. Bununla yanaşı, həkimə işin nəticələrinə görə bonus ödənilir. 538+800 + həkim-travmatoloqların ortalama bonusu 1 250 manat (müayinə və cərrahiyyə xidmətləri) (tutulmalar daxil) = 2 588 manat.
Hazırda dövlət tibb müəssisələrində aylıq maksimum 28 000 manat bonus alan həkim-ürək-damar cərrahı, 12 000 manat bonus alan həkim-mama-ginekoloq, 8 000 manat bonus alan həkim-travmatoloq, 7 500 manat bonus alan həkim-ümumi cərrah və 2 000 manat bonus alan həkim-kardioloq var. Bu məbləğ ay ərzində icra edilən əməliyyatın sayı və xüsusiyyətinə görə dəyişə bilər.
Xatırladaq ki, yaxın zamanlarda Xidmətlər Zərfində bir sıra tibbi xidmətlərin tarifinin artırılması nəzərdə tutulub. Tariflər artırıldıqda həkimlərə ödənilən bonusların məbləği də yüksələcək.
Əlavə olaraq bildirək ki, icbari tibbi sığortanın tətbiqindən sonra minimum vəzifə maaşı alan həkimlərin əməkhaqqıları orta hesabla üç dəfə artıb.
2019-cu il ilə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqqılarında 3,2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə beş dəfədən 50 dəfəyədək artım olub". /oxu.az/