Azərbaycanda düz bağırsağının xarici dəliyi olmayan uşaq doğulub.
Medicina.az xəbər verir ki, doğuşu qəbul edən həkimlər uşaqda bu patologiyanı gördükdə təşvişə düşüblər. Sonra uşaq təcili Mərkəzi Klinikaya köçürülüb.
Aparılan müayinələr nəticəsində məlum olub ki, düz bağırsaq içəridə daha yuxarılarda kor qurtarır və sidik kisəsi ilə bağırsaq arasında əlaqə var.
Müayinələrdən sonra uşaq əməliyyat edilib.
Cərrah Fuad Hüseynov medicina.az-a açıqlamasında deyib ki, uşaq üzərində 3 mərhələli əməliyyat keçirilib: "Doğulduğu gün müvəqqəti olaraq bağırsaq ucu qarnın ön divarına çıxarıldı. Bir müddət sonra rektovezikal fistulanın ləğvi və Sagital Anorektoplastika uğurla icra olundu. Yəni sidik kisəsi ilə bağırsaq arasındakı əlaqə aradan qaldırıldı. Daha sonra, yəni üçüncü əməliyyatda isə kolostomanın ləğvi – qarının ön divarına çıxarılmış bağırsaq normal yerinə tikildi”.
Cərrah deyib ki, hazırda uşağın vəziyyəti normaldı: "Körpə hazırda evlərindədir və vəziyyəti normaldır. Yaxın illərə kimi bu patologiya ilə doğulmuş uşaqlar 1-2 gün ərzində tələf olurdularsa, hazırda belə uşaqlar xilas olunub həyata qaytarılır. Ona görə də, istərdim hər kəs bilsin: bu cur doğulan uşaqlar təcili əməliyyata aparılmalıdır.
Aygün