Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda ali tibb təhsilinin tarixi-ilk rektorlar, ilk məzunlar – 2020-ci il ATU-nun 90 illik yubileyinə – ARAŞDIRMA

  • 2019.07.17 18:28
  • 20854 Baxış
 Azərbaycanda ali tibb təhsilinin tarixi-ilk rektorlar, ilk məzunlar –   2020-ci il ATU-nun 90 illik yubileyinə – ARAŞDIRMA
Qarşıdan gələn 2020-ci ildə ölkəmizin tibb ictimaiyyəti Azərbaycan Tibb Universitetinin təsis edilməsinini 90-illik yubileyini qeyd edəcəkdir. 

 

Medicina.az bu tarixlə əlaqədar Azərbaycan Tibb jurnalının baş redaktorunun müavini Fuad İslamzadənin elmi tarixi məqaləsini təqdim edir.




"1930-cu illərdə təsis edilmiş  ATU müxtəlif illərdə müxtəlif adlar altında  fəaliyyət göstərmişdir. 1930-1957-ci illər ərzində bu ali məktəb Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) adlandırılırdı.




 1957-ci ildə ADTİ-yə ixtisasca həkim olan dövlət xadimi və yazıçı N.Nərimanovun adı veril¬miş, 1986-cı ildə institut keçmiş SSRİ dövlətinin yüksək mükafatlarından biri olan "Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş və bundan sonra N.Nərimanov adına "Qırmızı Əmək Bayrağı” ordenli  ADTİ adlandırılmışdır. 

1991-ci il fevral ayının 4-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ADTİ-yə universitet statusu verilmişdir. 

Bundan sonrakı illər ərzində N.Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanan bu ali tibb təhsili ocağının adından 2000-ci ildə N.Nərimanovun adı çıxarılmışdır (o vaxt ölkədə verilən universitetlərin insan adları ilə adlandırılmasının qəbuledilməzliyi ilə əlaqədar qərara görə).




Necə adlandırılmağından asılı olmayaraq, ATU uzun illər ərzində Azərbaycanda ali tibb təhsili verən əsas və yeganə  ali  məktəb olmuşdur. 

Doğrudur, keçən əsrin 30-cu illərində Bakıda Ali Diş həkimliyi və Əczaçılıq İnstitutları fəaliyyət göstərmişdir; lakin onların fəaliyyəti qısa müddət çəkmiş və sonralar onlar ADTİ-yə birləşdirilmişdir. Son illərdə ölkədə alternativ ali tibb təhsili müəssisələri (Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi), Moskva Dövlət Tibb Akademiyasının Bakı filialı) fəaliyyət  göstərir, lakin adı çəkilən  ali məktəblərdə  də tibb təhsili  əsasən ATU-da təhsil almış mütəxəssislərin  qüvvəsi ilə aparılır.




Qeyd etmək lazımdır ki, əslində ATU-nun həqiqi sələfi – Azərbaycanda ilk Avropa tipli ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetidir. 1919-cu ildə təsis edilmiş bu universitetin nəzdində Tibb fakültəsi fəaliyyət göstərib və 1930-cu ildə  məhz həmin kafed¬ranın bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edilib. 




Beləliklə, cari 2019-cu il Azərbaycanda ali tibb təhsili sisteminin yaradılmasının  100-illik  yubileyi ilə əlamətdardır.

1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yarandığı ilk günlərdən hökümət bir sıra sosialyönümlü mühüm problemlərin həll edilməsini öz öhdəsinə götürdü; milli mə-dəniyyətin, xalq maarifınin və səhiyyənin inkişafı bu öhdəliklər arasında əsas yerlərdən birini tuturdu Ölkədə möv¬cud olan məktəblər va pedaqoji kadr potensialı məktəbyaşlı uşaqların yalnız bir hissəsinin təhsil almasına imkan verirdi. Buna görə, ölkədə pedaqoji kadrlar hazırlayan ali məkləb təşkil edilməsi zəruri bir problem idi. 




Çar hakimiyyəti dövründə dövlət əhaliyə tibb xidməti üçün hər adambaşına cəmi 11 qəpik sərmayə qoyurdu, xəstəxanalarda bir günlük stasionar tibb xid-mətinin haqqı isə kifayət qədər yüksək olub, о dövrün məzənnəsi ilə 50 qəpik təşkil edirdi.




1913-cü ildə Azərbaycanda əhaliyə cəmi 353 həkim xidmət edirdi. Onların kiçik bir hissəsi Rusiyanın müxtəlif şəhərlərində və Avropa ölkələrində təhsil almış Azərbaycanlı həkimlər, əksəriyyəti isə digər millətlərin Azərbaycanda həkimlik fəaliyyəti ilə məşğul olan nümayəndələri idi; ölkədə fəaliyyət göstərən yeganə tibbi təhsil müəssisəsi isə Bakı şəhərinin doğum evində təşkil edilmiş mamaça hazırlayan orta ixtisas məktəbi idi.



Rusiyada car hakimiyyətinin devrilməsi ilə nəticələnən 1917-ci il fevral Burjua-Demokratik inqilabından sonra ölkədəki hərc-mərc¬lik nəticəsində sosial-iqtisadi problemlər daha da dərinləşmiş, imperiyanın ucqarlarında, о cümlədən Azərbaycanda əhalinin vəziyyəti daha da ağırlaşmışdı. Bu dövrdə qazanc məqsədilə Azərbaycana gələn əcnəbi həkimlərin bir hissəsi vətənlərinə qayıtmış, səhiyyə sisteminin əvvəldən ağır olan vəziyyəti daha da acınacaqlı hala düşmüşdü.



 1918-ci ilin may ayına qədər Azərbaycanda həkimlərin sayı 270-ə enmiş, əhalinin aclıq və səfalət içərisində yaşaması, tibbi yardımın və profilaktik tədbirlərin yarıtmazlığı sayəsində ölkədə qarın yatalağı, səpkili yatalaq, dizenteriya, malyariya, vəba kimi xəstəliklərə tutulma və bu xəstəliklərdən ölüm hallarının sayı təsəvvürəgəlməz dərəcədə artmışdı.


 Bu şəraitdə yenicə hakimiyyətə gələn Azərbaycan milli hökümətinin rəhbərliyinin qarşılaşdığı problemlər ölkədə səhiyyə şəbəkəsinin geniş¬ləndirilməsi və tibb kadrlannın sayının artırılmasının təmin edilməsi üçün təcili tədbirlər görməyin zəruriliyini diqtə edirdi. Ölkədə ali təh¬silin təşkili və yüksəkixtisaslı milli kadrların hazırlanması zamanın tələbinə çevrilmişdi. Bununla əlaqədar, Azərbaycan Milli höküməti üç ali məktəb – Universitet, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Kon¬servatoriyası açılmasına qərar vermişdi. Lakin 3 ali məktəbin təsis edilməsi mümkün olmasa da, Universitet təşkil edildi.



Tibb fakültəsinə malik olan Bakı Dövlət Universitetinin təsis edilməsinə dair məlumat¬larda  bu müəssisənin tarixinin Tiflis şəhərindən başlandığı göstərilir. 

Lakin bizim fikrimizcə, bu məsələnin müəyyən dərəcədə əlavə şərhə ehtiyacı vardır. 1918-ci ildə Tiflisdə 2 universitet fəaliyyət göstərirdi. Bunlardan biri Tiflis Universiteti, digəti isə Zaqafqaziya Universiteti adlanırdı. O vaxtki  iqtisadi şəraitdə kiçik Gürcüstan Respublikası üçün 2 universiteti saxlamaq   asan deyildi. Buna görə  də elə həmin il yenicə təşkil edilmiş Zaqafqaziya  Universiteti  çətin duruma  düşmüşdü.


Universitetin köçürülməsi məsələsi gündəmdə idi.  Bir qrup şəxs  Universitetin Yekaterinodar (indiki Krasnodar), bir qrup İrəvan, başqa bir qrup isə  Bakı şəhərinə köçürülməsini əlverişli hesab edirdi. 


Uzun mübahisələrdən sonra  başda V.İ.Razumovski olmaqla, universitetin  Bakıya köçürülməsinin tərəfdarlarının   təklifi  qəbul edildi və bu qərar Bakı Universitetinin tarixinin  başlanğıcı oldu. 



Mübaliğəsiz demək olar ki, Bakıda universitetin təsis edilməsi 1918-20-ci illərdə müstəqil fəaliyyət göstərən Azərbaycan milli hökümətinin xalq qarşısındakı ən böyük xidməti olmuşdur. 

 
Bakı Dövlət Universitetindən başlayan tibb təhsili



1919-cu ilin may ayının 31-də Universitet Komissiyası Bakı Universitetinin təsisi haqqında bəyannamə elan etdi. Bəyannamədə Bakıda universitet təsis edilməsinin zəruriliyi əsaslandırılır, onun təsisi üçün şərait olduğu göstərilir, hökümət dairələrində bu məsələnin müsbət qiymətləndirildiyi bildirilir və göstərilirdi ki, 1919-cu ilin payızında Universitetdə məşğələlərə başlamaq mümkündür. 

Bakı Dövlət Universitetinin təsis edildiyi ərəfədə Azərbaycan Parlamentində və ölkə mətbuatında gedən diskussiya haqqında məlumat Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra əsaslı surətdə saxtalaşdırılmış və guya о dövrdə müsavatçıların universitetin təsisinə mane olmaq istəməsi, parlamentdə universitetin təsisi haqqında qərarın yalnız bolşevik fraksiyasının qətiyyəti sayəsində qəbul edilməsi kimi qələmə verilmişdir.

 
Təəssüf ki, sonralar dövri mətbuatda bu mövzuda çıxış edən bir sıra qərəzsiz müəlliflər də bu yalan məlumatı təkrarlamalı olmuşdur. Əslində isə real faktlar bu fikrin əksinədir. Tarixdən məlumdur ki, Azərbaycan Demokratik Respublikası Nazirlər Kabinetinin sədri Fətəlixan Xoyski dövlət işlərinin kifayət qədər gərgin olmasına baxmayaraq, 1919-cu ildə özü Rusiyanın müxtəlif şəhərlərinə səfər etmiş, ən nüfuzlu alimləri Bakı Universitetində işə dəvət etmiş və Parlamentin müsavatçı çoxluğu Bakıda uni¬ver¬sitet təsis edilməsinə böyük məmnuniyyətlə səs vermişdir. 





Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qərar 1919-cu ilin sentyabr ayının 1-də ADR Parlamentində keçirilən uzun¬müddətli gərgin müzakirələrdən sonra qəbul edilmişdir. Sonralar bu qərarı xatırlayan professor V.İ.Razumovski yazırdı:  "Univer¬sitetin təsisi haqqında qərar layihəsinin son redaksiyası gurultulu alqışlar altında qəbul edildi və Azərbaycan öz ali maarif ocağını əldə etdi. Türk xalqının tarixinə yeni, parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın sərhəddində yeni məşəl şölələndi. Biz bu böyük tarixi hadisənin şahidi olduğumuza görə özümüzü xoşbəxt hesab edirik”. (F.İ. O dövrdə BDU-nun təşkil edilməsinə həsr edilmiş məqalə və kitablarda Azərbaycanın yerli əhalisi haqqında, bir qayda olaraq, "türk xalqı” adı ilə bəhs edildiyinə görə biz də bu adı saxlamağa üstünlük verdik.)



Qəbul edilən qərarda Bakıda tibb, şərq şöbəsinə malik filologiya, fizika-riyaziyyat və hüquq fakültələri olan universitetin açılması, universitetin təchizatı üçün 5 milyon manat, onun 1919/1920-ci tədris ilindəki fəaliyyətini təmin etmək üçün 10 milyon 857,5 min manat məbləğində vəsait ayrılması nəzərdə tululurdu.


Universitet Komissiyasının 1919-cu il sentyabrın 15-də keçirilən iclasında univer¬sitetin idarə heyəti və Müvəqqəti Şurası seçildi. Görkəmli rus cərrahı prof. V.İ.Razu¬movski Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edildi: o, eyni zamanda həm normal anatomiya, həm də operativ cərrahlıq və topoqrafik anatomiya kafedralarının təşkilat¬çısı və ilk rəhbəri oldu.



Universitetin yaradıldığı ilk dərs ilində yalnız 2 fakültədə – tarix-filologiya və tibb fakültə¬lərində dərslərə başlamaq mümkün oldu. Tarix-filologiya fakültəsinin dekanı vəzifəsinə professor N.A.Dubrovski, tibb fakültəsinin dekanı vəzifəsinə professor İ.İ.Şirokoqorov təyin edildi.

Həmin ildə universitetin 2 fakültəsinə cəmi 1094 nəfər qəbul edilmişdi. Onlardan 877 nəfəri tələbə, 217 nəfəri sərbəst dinləyici idi. 

Tibb fakültəsinə 490 nəfər, о cümlədən 368 nəfər tələbə və 122 nəfər sərbəst dinləyici qəbul edilmişdi. Onlardan 260 nəfər (257 tələbə və 3 nəfər sərbəst dinləyici) fakültənin 1-ci kursunda təhsilə başladı. Əlavə olaraq, əslən Azərbaycandan və ətraf əyalətlərdən olub, Rusiyanın müxtəlif universitetlərinin aşağı kurslarında tibb təhsili alan gənclər sırasından 109 nəfər (54 tələbə və 55 nəfər sərbəst dinləyici) II kursa, 133 nəfər (65 tələbə və 68 nəfər sərbəst dinləyici) III kursa qəbul edildi. Bütünlüklə fakültəyə qəbul edilən tələbələrdən 117 nəfər, sərbəst dinləyicilərdən isə 24 nəfər milliyyətcə türk, digər tələbələr isə başqa xalqların nümayəndələri idi. 




Universitetdə dərslərin rus dilində keçirilməsi və rəhbər vəzifələrə azərbaycanlı olmayan mütəxəssislərin təyin edilməsi yalnız məcburiyyətdən irəli gəlirdi. Təkcə bunu demək kifayətdir ki, universitetə 1922-ci ildə Azərbaycan Dövlət Universiteti adı verildiyi halda, buranın ilk azərbaycanlı rektoru, həmin vəzifəyə 1926-cı ildə təyin edilmiş, ixtisasca həkim olan yazıçı-jurnalist Tağı Şahbazi (Simurq) olmuşdur.



Tibb fakültəsində ilk dərs günündə V.İ.Razumovski «Tibb və anatomiyaya giriş» mövzusunda mühazirə oxudu, tarix-filologiya fakültəsində isə ilk mühazirəni Milli Şuranın sədri Məmmədəmin Rəsulzadə Azərbaycan dilində oxudu.

 M.Ə.Rəsulzadənin universi¬tetdə şərqşü¬naslıq fənnindən dərs deməsi təkcə kadr qıtlığı ilə əlaqədar deyildi, həm də Milli Hökümətin Bakı Universitetinə nə dərəcədə önəm verdiyinə işarə idi.




Azərbaycan Milli Hökuməti cəmi 23 ay fəaliyyət göstərdikdən sonra – 1920-ci ilin aprel ayının 27-də Rusiyanın XI Ordusunun təzyiqləri altında süquta uğradı. Aprelin 28-də isə Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublikanın ali siyasi hakimiy¬yət orqanı elan edildi. N.Nərimanovun sədrliyi ilə təşkil edilmiş İnqilab Komitəsinin qərarı ilə respublikanın yeni hökumətinin tərkibi təsdiq edildi. Xalq Komis-sarlığı Şurası adlanan yeni hökumətin sədri N.Nəri-manov idi. Bu hökümətin təşkili əslində respublikaya formal müstəqillik verilməsi demək idi. Real hakimiyyət isə 1919-cu ildə təşkil edilən və Rusiya Kom¬munist (bolşeviklər) Partiyasının tabeliyində olan Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının əlində idi. Bu orqanda isə rəhbər vəzifələri digər millətlərin nümayəndələri tuturdu. Nəticədə onların təkidi ilə universitetdə təlim-tərbiyə işlərinin sinfılik və partiyalılıq prinsipi üzrə qurulmasına başlanılmışdı.

 
Başda N.Nərimanov olmaqla, Azərbaycan İnqilab Komitəsi universitetin bütün fakültələrində təhsilin türk (Azərbaycan) və rus dillərində aparılmasını məqsədəuyğun hesab edərək, türk dilinin öyrənilməsinə maraq yaratmaq məqsədilə bu dildə dərs deyən müəllimlərin əmək haqqını artırmağı təklif edirdi. AK (b)P MK-da fəaliyyət göstərən qeyri millətlərin nümayəndələri və Azərbaycan bolşevikləri isə «beynəlmiləlçilik» prinsipini əsas tutaraq, bu ideyanı dəstəkləməkdən imtina edirdi. Bununla belə, universitetdə türk dilinin inkişaf etdirilməsi zamanın tələbi idi .



1922-ci ildə Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Dövlət Universitetinə Azərbaycan Dövlət Universiteti adı verildi. Universitetin 1923-cü ildə qəbul edilmiş Nizamnaməsində bütün kursların müvəqqəti olaraq rus dilində, şərq fakültəsinin bəzi dərslərinin isə Azərbaycan dilində aparılması nəzərdə tutulurdu.



V.İ.Razumovski və İ.İ.Şirokoqorov qısa müddət ərzində о vaxtlar Bakıda yaşayan həkim və pedaqoqların ən istedadlılarını seçib, tibb fakültəsində işə cəlb etdilər. Bunlar arasında cərrah, tibb doktoru B.R.Finkelşteyn, əczaçılıq magistri İ.R.Qolberq, prozektor M.S.Milman, kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin kimi mütəxəssislər var idi. Universitetə işə qəbul edilən tibb mütəxəs¬sislərinin əksəriyyəti keçmiş Rusiya imperiya¬sının müxtəlif şəhərlərindən dəvət edilmişdi və onların əksəriyyəti öz dövrünün ən məşhur tibb alimləri idi. Lakin onlar arasında əvvəldən Bakıda işləyən və hələ 1894-cu ildə təşkil edilmiş Bakı Həkimlər Cəmiyyətinin ən fəal üzvləri arasından seçilmiş mütəxəssislər də var idi. B.K.Finkelşteyn (cərrah), Ya.K.Varşavski (oftalmoloq), M.S.Milman (morfoloq) bunlara misal ola bilər. Sonralar bu mütəxəssislər professor elmi adı qazandılar, müvafiq kafedralara rəhbərlik edərək elmi məktəblərini yaratdılar.



1921-1922-ci illərdə Universitetin tibb fakültəsinə ilk azərbaycanlı tibb mütəxəssisləri – sonralar Azərbaycan tibb elmində böyük xidmətləri olmuş və akademik elmi adı almış cərrahlar M.A.Topçubaşov və M.M.Mirqasımov qəbul edildilər.

 

İlk azərbaycanlı rektora qədər rəhbərlər



1920-ci ilin yay  aylarında  universitetin rektoru V.İ.Razumovski xəstəliyinə görə vəzifəsindən istefa verib, doğma Saratov şəhərinə qayıtdı və sonralar  öz fəaliyyətini Saratov universitetində davam etdirdi. Bununla əlaqədar, 1920-ci ilin iyun ayında prof. İ.İ.Şirokoqorov rektor vəzifəsinə təyin edildi.  Lakin o, bu vəzifədə yalnız  2 ay  işlədi. Həmin il Gürcüstanın Batumi  şəhərində taun epidemiyası  baş qaldırmışdı. Buna görə Gürcüstan hökumətinini xahişi nəzərə alınaraq, prof. İ.İ.Şirokoqorov epidemiya əleyhinə  tədbirlərin təşkili üçün Batumiyə ezam edildi.  Həmin ilin avqust-noyabr aylarında  BDU-nun rektoru  vəzifəsini əvəzçilik üzrə prof. A.M.Levin və M.A.Dubrovski icra  etmişdir. Prof. İ.İ.Şirokoqorov 1921-ci ilin mart ayında  Gürcüstandan Bakıya qayıtmış və  bundan sonrakı illərdə əvvəlki vəzifə-sində  patoloji anatomiya  kafedrasının müdiri və tibb fakültəsinin dekanı  vəzifələrində çalışmışdır.



 1920-ci ilin noyabr ayında BDU-nun rektoru vəzifəsinin icrası prof. S.M.Davidenkoya həvalə edilmiş və o,  bundan sonrakı iki seçki zamanı həmin  vəzifəyə təkrarən seçilmiş, 1923-cü ilə qədər BDU-ya rəhbərlik  etmişdir. Qeyd etmək lazımdır ki, prof. S.M.Davidenko BDU-ya 1920-ci ildə Xarkov Qadın Tibb  İnstitutundan  dəvət edilmiş və  tibb fakültəsinin sinir xəstəlikləri kafedrasına müdir seçilmişdi. 1923-1926-cı illərdə universi¬tetin rektoru vəzifəsində A.D.Qulyayev işləmiş, 1926-cı ildə isə bu vəzifə ilk dəfə  olaraq azərbaycanlı ziyalı – həkim və yazıçı Tağı Şahbaziyə həvalə edilmişdir. Yazıçı kimi Simurq təxəllüsü  ilə tanınmış  Tağı Şahbazi rektor vəzifəsində  1929-cu ilə qədər işləmişdir (qeyd edək ki, BDU-nun ilk rəhbəri kimi yuxarıda adları çəkilən şəxslərdən, N.A.Dub¬rovski istisna olmaqla, hamısı tibb mütəxəssiləri olmuşlar).




Fakültənin təşkili sahəsində aparılan məqsədyönlü işlər sayəsində burada  tezliklə təkcə nəzəri kafedraların deyil,  həm də klinik kafedraların heyəti  komplekləşdirilmişdir.  Məsələn, mamalıq və ginekologiya kafedrasına Hərbi-Tibb Akademiyasının  privat-dosenti, radioaktiv və rentgen şüaları vasitəsilə müalicə üzrə tanınmış mütəxəssis F.N.İlyin  dəvət edilmişdi, Tiflis şəhərindən  Bakıya köçmüş prof. P.Yu.Rostovsev farmakologiya kafedrasına qəbul edilmişdi, Krım Universite¬tinin qocaman professoru N.Q.Uşinski ümumi patologiya kafedrasının rəhbərliyini öz öhdəsinə götürmüşdü; Moskva Universitetinin  keçmiş professoru M.A.Çlenov dəri və zöhrəvi  xəstəliklər kafedrasının fəaliyyətini təşkil etmək üçün işə qəbul edilmişdi.




 Vaxtilə Don Universitetində işləmiş qocaman professor-pediatr A.O.Kar¬nitski uşaq xəstəllikləri kafedrasına, həmin universitetin göz xəstəlikləri kafedrasının professoru K.A.Orlov oftalmalogiya kafedrasına dəvət edilmişdi. Təəssüf ki, K.A.Orlov mənzil şəraitinin qənaətbəxş olmaması səbəbindən tez¬liklə Bakını tərk etdi. V.İ.Razumovskinin istefasından sonra anatomiya kafedrasının rəhbərliyini əvvəllər Xarkov Universitetində işləşmiş R.M.Malinovski öz öhdəsinə götürdü, Don Univer-sitetinin professoru A.K.Şibkov  Rostov şəhərindən Bakıya dəvət edildi və  məhkəmə təbabəti üzrə mühazirə kursunu aparmaq vəzifəsini öhdəsinə  götürdü. 




Beləliklə, 1922-ci ildə (yəni universitetin təşkilinin 3-cü ilində) Tibb fakültəsinin bütün kafedraları, demək olar ki, komplektləşdirilmişdi və bu dövr üçün həmin fakültə professor-müəllim heyətinin keyfiyyət göstəricilərinə görə keçmiş SSRİ-nin digər şəhərlərində olan universitetlərdən geri qalmırdı.




Bakı Universitetinin tibb fakültəsi fəaliyyətə başladığı ilk ildən yuxarı kurslarda tədrisin təşkil edilməsi sayəsində artıq 1922-ci ildə ilk məzunlarına həkim diplomu vermişdir. Həmin ildə tibb fakültəsini bitirən 30 məzun həkim diplomu aldı. Onlar arasında 3 nəfər azərbaycanlı gənc (o cümlədən 2 azərbaycanlı qız) var idi. İllər ötdükcə, universitetin tibb fakültəsini bitirən məzunların ümumi sayı ilə birgə, həkim diplomu alanlar arasında azərbaycanlı gənclərin sayı da artırdı. 




1922-ci  ildə universitetin tibb fakültəsində 10 semestrin dərslərini başa vurmuş 33 tələbə buraxılış imtahanı vermək hüququ  qazanmışdı. 

Buraxılış imtahanlarında  iştirak edən 33 tələbədən 30 nəfər imtahanlardan uğurlu  nəticə əldə edərək, həkim diploma aldı. 




Onların  univer¬siteti bitirməyi  münasibətilə keçirilən təntənəli gecədə Azərb. SSR Xalq Maarif  Komissarlığının  nümayəndələri və Universitetin ilk rektoru olmuş prof. V.İ.Razumovski iştirak etdi. Bu təntənəli yığıncaqda demək olar ki, univer¬sitetin təşkilinin ilk mərhələsinə yekun vuruldu. Bundan sonrakı illər ərzində universitetin fəaliyyəti ildən-ilə daha geniş vüsət alırdı. Bütün çətinliklərə baxmayaraq, universitetin tibb fakültəsi get-gedə genişləndirilirdi. 



1923-1924-cü tədris ilində bu fakültədə kafedraların sayı 25-ə çatdırılmışdı: əmək¬daşlardan 20 nəfəri professor idi və profes¬sorlar arasında bir nəfər də azərbaycanlı olmasa da, burada Azərbaycan dilində tədrisin təşkilinə böyük ehtiyac var idi. Çünki yalnız bu yolla respublikanı yerli əhalinin dilini bilən həkim kadrlarla təmin etmək olardı.




 Buna görə AK (b)P MK-nın rəyasət heyəti 3 aprel 1927-ci il tarixdə qəbul etdiyi "Dövlət Universiteti haqqında əməli təklif” adlı sənəddə universitetin türkləşdirilməsinə dair göstəriş verilmişdi və bu işi həyata keçirmək üçün Xalq Komissarları Soveti və Xalq Maarif Komissarlığı birgə komissiya təşkil etmişdi. Komissiya ali məktəblərin türkləşdirilməsinin ümumi prinsiplərini tərtib edərək, təsdiqlədi. Bu dövrdə digər millətlərdən olan professorlar türkləşdirilmə xəttini öz mənafelərinə zidd hesab edir və iddia edirdilər ki, türk millətindən olanların intellektual səviyyəsi aşağıdır. Buna baxmayaraq, zaman öz sözünü deyir¬di: universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır və onların ən perspektivliləri seçilib, kafedralarda işə cəlb edilirdi. 




1923/24-cü tədris ilində tibb fakültəsində fəaliyyət göstərən kafedralar:



1)Təsviri anatomiya kafedrası – kafedra müdiri K.N.Malinovski;

2)Normal histologiya və epidemiologiya  kafedrası – M.C.Milman;

3) Fiziologiya kafedrası – kafedra müdiri N.A.Popov;

4)Fizioloji (bioloji) kimya kafedrası – rəhbərliyi prof. V.D.Malenyuka həvalə edilmişdi;

5)Əczaçılıq (farmakoqnoziya ilə birlik¬də) kafedrası – prof.  İ.K.Qolberq;

6)Patoloji anatomiya – prof.  İ.İ.Şirokoqorov;

7)Bakteriologiya kursu (patoloji anatomiya kafedrasının nəzdində) – dosent P.F.Zdrodovski;

8)Ümumi patologiya – prof. N.Q.Uşinski;

9)Daxili  xəstəliklərin   diaqnostikası kafedrası – müdir vəzifəsi prof. A.M.Levinə həvalə  edilmişdi;

10)Xüsusi patologiya və terapiya kafedrası – müdir vəzifəsi prof. İ.Q.Mezernitskiyə  həvalə  edilmişdi;

11)Ümumi cərrahlıq (propedevtika klinikası ilə birlikdə) – prof.  Q.B.Berlatski;

12)Operativ cərrahlıq və topoqrafik anatomiya – prof. A.İ.Okinşeviç;

13)Farmakologiya – prof. P.Yu.Rostovsev;

14)Fakültə terapiyası klinikası – prof. A.M.Levin;

15)Mamalıq və ginekologiya – prof. F.N.İlyin;

16)Fakültə cərrahlığı  klinikası – prof. A.A.Oşman;

17)Sinir və psixi xəstəliklər (klinikası ilə birlikdə) – prof. S.N.Davidenko;

18) Uşaq xəstəlikləri (klinikası ilə birlikdə) – prof. A.O.Karnitski.

19)Dəri və zöhrəvi xəstəliklər  (klinikası ilə birlikdə) – prof. M.A.Çlenov.

20)Göz xəstəlikləri  (klinikası ilə birlikdə) – prof. A.Q.Trubin

21)Hospital terapiya klinikası  – prof. P.T.Mezernitski.

22)Hospital cərrahlığı klinikası – prof. B.K.Finvelşteyn.

23)Yoluxucu xəstəliklər kursu – prof. M.Q.Uşinskiyə həvalə edilmişdi.

24)Ümumi gigiyena – prof.  V.D.Malenyuk.

25)Məhkəmə təbabəti – kafedra müdiri vəzifəsi müvəqqəti olaraq prof. İ.İ.Şirokoqorova həvalə edilmişdi, müvəqqəti olaraq dərsləri d-r U.M.Leplinski deyirdi.




1924-cü ildə tibb fakültəsində daha 2 kafedra təşkil edildi. Beləliklə, kafedraların sayı 27-yə çatdırıldı. Professor və müəllimlərin sayı da tədricən artırdı. Məsələn, 1925-ci ildə artıq fakültədə 26 pro¬fessor, 24 assistent, 6 prorektor, 7 prozektor köməkçisi və 5 laborant (cəmi 68 nəfər) çalışırdı. Bunlardan əlavə, kafedralarda 32 ordinator və preparator tədris işlərinin aparılmasına yardım göstərirdi.

 

 

Ən məşhur Məzunlar:


Tibb fakültəsinin mövcudluğunun ilk illərindən etibarən onun məzunları arasından ən istedadlıları şeçilib, müxtəlif kafedralarda işə cəlb edilirdi.  Məsələn, 1924-cü ildə tibb fakültəsini bitirənlərin arasında gələcəyin görkəmli alimlərindən – akademik C.Y.Hüseynov, əməkdar elm xadimi, prof. M.M.Əfəndiyev, 1925-ci ilin  məzunları arasında akademik C.M.Abdullayev, professorlar – M.M.Hüseynov, İ.M.Orucov, Q.B.Ələkbərov, G.R.Qurbanov, B.M.Mahmudbəyov, M.V.Əbiyev, A.Z.Feyzullayev, 1926-cı ildə həkim diplomu alanlar arasında – akademik Z.M.Məmmədov, Azərbaycan SSR EA-nın müxbir üzvü Ü.S.Musabəyova, əməkdar elm xadimi, prof. K.Ə.Balakişiyev, professorlar – H.K.Əliyev, Ə.A.Sultanov, A.N.Tahirov, K.Qambay, 1927-ci ildə tibb fakültəsini bitirənlər arasında müxtəlif illərdə ATİ-nin rektoru, АКР MK katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmış əməkdar həkim, prof. Ə.M.Əliyev, 20-ci illərin sonlarında tibb fakültəsini bitirmiş məzunlar arasında akademiklər F.Ə.Əfəndiyev, A.İ.Qarayev, Azərbaycan SSR EA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor A.S.Həsənov, professorlar – H.B.Abdullayev, M.Q.Mah¬mud¬¬bəyova, A.Q.Sadıqov, Ə.Əlibəyov. M.X.Səfərəlibəyov və başqaları olmuşdur.



1922-1925-ci illər ərzində tibb fakültəsini bitirən 546 nəfərdən 80 nəfəri Azərbaycanlı idi. 10 il ərzində isə tibb fakültəsini cəmi 1238 nəfər bitirmişdi və onlardan 258 nəfəri azərbaycanlı idi. Azərbaycan dilini bilən həkimlərin sayının artırılması zamanın tələbi idi. Çünki respublikanın kənd rayonlarının əhalisinə yalnız yerli xalqın dilini bilən həkimlər qulluq edə bilərdi. 1928-ci ildə artıq respublikada 1227 həkim işləyirdi. Müqayisə üçün deyək ki, 1913-cü ildə respublika əhalisinin hər 8038 nəfərinə 1 həkim düşdüyü halda, 1928-ci ildə bu göstərici 2032-уə bərabər idi.



Bakı universitetinin ilk nizamnaməsində onun əsas vəzifələrindən birinin elmi-tədqiqat işi olduğu göstərilirdi. Bu sahədə görülən işlər sayəsində tibb fakültəsi tezliklə respublikada tibb elminin əsil mərkəzinə çevrildi. Fakültənin kafedra və klinikalarında mühüm elmi-tədqiqat işləri aparılır, onların nəticələri praktik səhiyyədə tətbiq edilirdi. Bu elmi işlərin əsas xüsusiyyəti – Azərbaycanın materialları əsasında aparılması, Azərbaycanın ölkə patologiyasının araşdırılması idi.


Tibb fakültəsinin əməkdaşları respublikada təşkil edilən elmi-tədqiqat institutlarının fəaliy¬yətində də yaxından iştirak edirdilər. Məsələn, 1921-ci ildə P.F.Zdrodovskinin təşəbbüsü ilə vaksin laboratoriyası təşkil edildi, həmin ildə də Azərbaycan Dövlət Mikrobiologiya və Gigiyena İnstitutu təşkil edildi və adı çəkilən laboratoriya institutun strukturuna daxil edildi. Bu institutun yara-dılmasında tibb fakültəsinin əməkdaşlarından P.F.Zdrodovski, Q.Q.Lindberq, Y.S.Yelpalyevski, P.P.Popov və b. böyük əməyi olmuşdur.



Bakı universiteti tibb fakültəsinin əməkdasları və yetirmələri şəhərdə yeni təşkil edilən digər tədris müəssisələrinin fəaliy-yətində də yaxından iştirak edirdilər. 1925-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komis¬sarlığı nəzdində Ali Diş Həkimliyi İnstitutu yaradıldı. Bu institutda dərs deyənlərin əksəriyyəti universitetin tibb fakültəsinin məzunları idi. Bunlar arasında sonralar Azərbaycan SSR EA-nın akademiki olmuş C.Y.Hüseynov, əməkdar elm xadimi adı almış professorlar K.Ə.Balakişiyev. G.R.Qurbanov, M.B.Sultanov, A.A.Əmirov və b. var idi. İnstitutu həkim S.Səlimbəyov və A.Əmirov təşkil etmişdi. 


Bakı universiteti tibb fakültəsinin kafedra, laboratoriya və klinikalarında aparılan elmi tədqiqat işlərinə ilk vaxtlarda "Elm cəmiyyəti», 1992-ci ildən isə «Elm komitəsi» rəhbərlik edirdi. Bunlardan əlavə, tibb elminin müxtəlif sahələri üzrə elmi cəmiyyətlər təşkil edilmişdi: 1920-ci ildə yaradılan «Təbiətşünaslar və həkimlər cəmiyyəti» elmi-tədqiqat işlərinin planlaş-dırılmasında və əlaqələndirilməsində yaxından iştirak edirdi. Bundan əlavə, universitetdə 1922-ci ildə S.N.Davi¬denkovun rəhbərliyi altında «Nevropatoloqlar və psixiatrlar cəmiyyəti», K.A.Orlovun rəhbərliyi altında «Oflalmoloqlar cəmiyyəti», 1923-cü ildə B.K.Finkelşteynin rəhbərliyi altında «Azərbaycan cərrahlar cəmiyyəti», 1924-cü ildə prof. M.A.Çlenovun rəhbərliyi altında «Dermatoloqlar cəmiyyəti», İ.İ.Şirokoqorovun rəhbərliyi altında «Patoloqlar Cəmiyyəti», P.Q.Mezernitskinin rəhbərliyi altında «Terapevtlər cəmiyyəti», A.O.Karnitskinin rəhbərliyi altında «Uşaq həkimləri cəmiyyəti», 1928-ci ildə İ.M.Lukovun rəh¬bərliyi altında «Otorinolarinqoloqlar cəmiyyəti» yaradılmış və müvafiq elm sahələrinin inkişafına öz töhfələrini vermişlər. Bu cəmiyyətlərin işinin qarşılıqlı surətdə əlaqələn¬dirilməsi ilə Azərb. SSR Xalq Səhiyyə Komissarlığında 1922-ci ildə təşkil edilən Elmi-Tibbi Şura (İ.İ.Şirokoqorov) məşğul olurdu.


1924-cü ildə professorlardan A.A.Kazimovun, P.Q.Mezernitskinin və N.Q.Uşinskinin təşəbbüsü ilə «Bakı tibb jurnalı»nın nəşrinə başlanıldı. Bu jurnalda Azərbaycanın ölkə patologiyasına, kurort amillərinə, həmçinin peşə xəstəliklərinə dair məqalələr çap edilirdi. 

 
Bakı Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı mütəxəssis M.M.Mirqasımov olmuşdur (1926-cı ildə); 1928-ci ildə universitet əməkdaşlarından ilk azərbaycanlı qadın – oftalmoloq Sona xanım Vəlixan doktorluq dissertasiyası müdafiə etmişdir. Ümumiyyətlə fakültənin mövcud olduğu müddət ərzində burada tibb sahəsində 27 doktorluq dissertasiyası müdafıə edilmiş¬dir: müdafiə edənlərdən 7 nəfəri azərbaycanlı, onlardan da bir nəfəri (S.Vəlixan) qadın idi.



Universitetin professor-müəllim heyətinin əsas vəzifələrindən biri də tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin edilməsindən ibarət idi. Bu məqsədlə bütün mümkün olan vasitələrdən istifadə edilirdi: universitetdə çalışan professorların əvvəllər başqa şəhərlərdə işləyərkən yazıb çap etdirdikləri dərsliklər yenidən çap edilir, yeni dərslik və dərs vəsaitləri yazılır, bu mümkün olmadıqda isə müxtəlif elm sahələri üzrə qısa konspektlər hazırlanıb mətbəə üsulu ilə çoxaldılaraq tələbələrə çatdırılırdı. Məsələn, 1921-1925-ci illərdə professor A.M.Levinin «Qısa diaqnostika kursu». P.F.Zdrodovskınin «Abderhalden reaksiyasının eksperimental qiymət¬ləndirilməsi», prof. M.S.Milmanın «Histo¬logiya üzrə rəhbərlik», B.K.Finkelşteynin «Ümumi cərrahlıqdan müha¬zirələr», F.Ş.İlyinin «Tələbələr üçün operativ mamalıq üzrə rəhbərlik», N.Q.Uşinskinin «Ümumi və eksperimental patologiya» və «Floridzin qlükozuriyası zamanı qaz mübadiləsi və istilik¬yaranma», 1926-cı ildə P.F.Zdrodovskinin «Muğan düzündə malyariya: epidemiologiya və mübarizə planı», 1929-cu ildə L.V.Qarkavi-Landaunun «Resepturanın öyrənilməsinə dair rəhbərlik» adlı kitabları çap edilmişdir.


Tibb fakültəsinə malik olan Bakı Dövlət Universiteti 1919-cu ildən 1930-cu ilə qədər fəaliyyət göstərdi . 1929-cu ilin payızında universitetin yaradılmasınm 10-illiyinin ümumrespublika səviyyəsində qeyd edilməsi qərara alındı və 1930-cu ilin yanvar ayının 12-14-də yubiley keçirildi. 



1930-cu ilin fevral ayında Azərb. SSR XKS Xalq Maarif Komissarlığının təklif etdiyi ali məktəblər haqqında əsasnaməni təsdiq edərək AK(b)P MK-nın razılığını aldıqdan sonra, BDU-nun yenidən təşkil edilməsinə dair layihə hazırladı. Layihə 1930-cu il aprelin 11-də Respublika Dövlət Plan Komitəsinin sosial siyasət bölməsində müzakirə edildi və nəticədə universitetin müxtəlif fakültələri əsasında yeni, müstəqil ali məktəblər yaradılması məqsədəuyğun hesab edildi. Nəhayət, 1930-cu il iyunun 19-da Azərb. SSR XKS universitetin müstəqil institutlara ayrılması haqqında qərar çıxardı. Beləliklə, Bakı Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, tibb fakültəsi müstəqil tibb institutu şəklində fəaliyyət göstərməyə başladı. Digər fakültələrin bazası əsasında da bir neçə ali təhsil müəssisəsi yaradıldı (Ticarət-Kooperativ İnstitutu, Pedaqoji İnstitut, Sovet Quruculuğu və Hüquq İnstitutu və s.).

 
Respublikada ali təhsil müəssisələrinin sayca artımının böyük əhəmiyyəti olsa da, bunun universitetin bağlanması hesabına həyata keçirilməsinin məqsədəuyğun olma-dığı tezliklə aşkara çıxdı və 1934-cü ildə SSRİ XKS-nin qərarı ilə universitetin fəaliyyəti bərpa edildi. Lakin bundan sonrakı dövr ərzində Azərbaycan Dövlət Tibb İnstitutu fəaliyyətini müstəqil şəkildə davam etdirdi.

 


Beləliklə, Azərbaycan tibb tarixinə 1919-cu il ölkədə ali tibb təhsilinin əsasının qoyulduğu, 1930-cu il isə həmin fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) yaradıldığı tarix kimi daxil olmuşdur. 




Azərbaycanda ilk universitetin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin səyləri və görkəmli tibb alimlərinin fəaliyyəti sayəsində gerçəkləşdirilmiş, tibb fakültəsi isə fəaliyyət göstərdiyi on il ərzində həm tələbələrin sayına görə, həm də burada aparılan elmi-tədqiqat işlərinin miqyasına görə öncül mövqedə olmuşdur. 




1919-cu ildə Bakı şəhərində tibb fakültəsi də daxil olmaqla Azərbaycanın ilk ikifakültəli universitetinin açılması о dövrdə ölkədə baş verən demokratik dəyişikliklərin və Azərbaycanın mütərəqqi ictimaiyyətinin elm və mədəniyyəti inkişaf etdirməyə yönəldilmiş aktiv fəaliyyətinin nəticəsi idi. 




İlk rektorlar, dekanlar, məzunlar. 




V.İ.Razumovski 

(1857-1935)

Tibb elmləri doktoru, Bakı Dövlət Universitetinin ilk rektoru








 

İ.İ.Şirokoqorov 

(1869-1946)

Akademik. Bakı Dövlət Universitetinin Tibb fakültəsinin ilk dekanı

 












 Azərbaycanda ali tibb təhsilinin tarixi-ilk rektorlar, ilk məzunlar –   2020-ci il ATU-nun 90 illik yubileyinə – ARAŞDIRMA
 Azərbaycanda ali tibb təhsilinin tarixi-ilk rektorlar, ilk məzunlar –   2020-ci il ATU-nun 90 illik yubileyinə – ARAŞDIRMA