Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev aprel ayında " Psixoloji yardım haqqında” qanunun tam qüvvəsi ilə işə düşməsi üçün işlərin yekunlaşdırılacağını bildirib.
Medicina.az xəbər verir ki, millət vəkili oxu.az-a müsahibəsində bildirib ki, y
eni qanunda da psixoloqlara olan tələblər, psixoloqların sertifikasiyası, psixoloqların attestasiyası qaydaları, psixoloji xidmətin növləri və formaları necə göstərilməli, psixoloji fəaliyyətə, psixoloqluqla bağlı fəaliyyətə kim icazə verməli, onları kim yoxlamalıdır və sair məsələlərdən söhbət gedir.
Bununla da yalnız ali təhsilli, müvafiq sertifikasiyadan keçən, müvafiq sənədləri, icazəsi və psixoloji xidmət göstərmək üçün yerləri - kabinetləri olan şəxslər psixoloji yardımla, psixoloqluq fəaliyyəti ilə məşğul ola biləcəklər.
Təbii ki, qanun tam işlək vəziyyətə düşəndən sonra onun müddəalarının pozulması ilə əlaqədar, yəni, icazəsi olmadan fəaliyyət göstərən şəxslərə, yaxud psixoloji yardım göstərilməyən və bundan imtina edilən hallarda hansı qaydada cərimə tədbirləri nəzərdə tutulacaqsa, onlar da icra olunacaq.
Ümumiyyətlə, qanunda tam açıq şəkildə göstərilir ki, dövlət səhiyyə müəssisələrində, dövlət təhsil ocaqlarında və bir sıra digər dövlət qurumlarında psixoloji yardımlar pulsuzdur. Özəl sektorda isə psixoloji yardım pulludur.
Eyni zamanda, bir kateqoriyadan olan insanlar var ki, onlara psixoloji yardım bütün hallarda pulsuz göstərilməlidir.
"Azərbaycan böyük əhalisi olan dövlət deyil ki, burada hər bir sahə üzrə psixoloqlara ehtiyac olsun. Amma bununla belə, ailə psixoloqu çox vacibdir. Nəzərə alsaq ki, məişət zorakılığı halları tez-tez baş verir, natamam ailələr getdikcə artır, ailə münaqişələri çoxalır, uşaqlar çox zaman valideyn münaqişələrinin qurbanına çevrilir, o zaman ailə psixoloqunun olması vacibdir.
Amma indiki halda yetərlidir ki, ümumi profilli psixoloqların məsləhətlərinə müraciətlər olsun. Təəssüf ki, biz Azərbaycanda psixoloqların konsultasiyasına ardıcıl və geniş müraciətləri müşahidə etmirik”.