Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 8059 nəfər İİV xəstəsi var - QİÇS mərkəzinin direktoru

  • 2022.05.19 17:05
  • 2662 Baxış
Azərbaycanda 8059 nəfər İİV xəstəsi var   - QİÇS mərkəzinin direktoru

Mayın 19-də Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) və Ölkə Əlaqələndirmə Komitəsinin təşəbbüsü ilə “İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi fəsadlar, sıfır ayrıseçkilik - stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə" adlı tədbir keçirilib.

Tədbirdə “Ölkədə İİV-lə bağlı epidemioloji vəziyyət” adlı təqdimat ilə RQMM-in direktoru Famil Məmmədov çıxış edib.


Onun sözlərinə görə, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur: “Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1987-ci ildən 2022-ci ilin aprelinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5 min 611-i kişi, 2 min 448-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1960, İİV infeksiyasından vəfat edən Azərbaycan vətəndaşlarının sayı isə 1181 nəfərdir”.



Mərkəzin direktoru diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşları arasında 1987-ci ildən bu ilin aprelinədək olan müddət ərzində aşkar olunan halların 37,2 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.



Daha sonra Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının əməkdaşı Elçin Muxtarlının və digərlərinin çıxışları dinlənilib, təqdimatlar edilib.



Sonda tədbir iştirakçılarının və KİV əməkdaşlarının sualları cavablandırılıb.