"Azərbaycanda epilepsiyanın yayılması hər 1000 nəfərə 3,7 – 8 hadisə, xəstələnmə isə hər 100 000 nəfərə 24,4 – 83 hadisə təşkil edir. Hazırda Azərbaycanda 60 000-dən çox insan epilepsiyadan əziyyət çəkir"
Medicina.az Səhiyyə Nazirliyinin baş nevroloqu, tibb elmləri doktoru, professor Şərif Mahalovun müsahibəsini təqdim edir:
- Doktor, epilepsiya nədir?
- Epilepsiya hər hansı təhrikolunmamış təkrarlanan tutmalarla (həmçinin "qıcolma” kimi məlumdur) xarakterizə olunan baş beyinin xəstəliyidir. Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstəni, həm də ətrafdakıların kifayət qədər güclü təşvişinə səbəb olur.
- Epileptik tutma necə baş verir?
- Epilepsiyalı xəstələrin böyük əksəriyyətində tutmalar qəflətən və gözlənilmədən baş verir. Bəzi xəstələrdə tutmadan bir neçə saat öncə əsəbilik, narahatlıq, başgicəllənmə, başağrı qeyd olunur. Bəzən tutmadan öncə aura meydana gəlir. Aura – lokal tutmaya uyğun ilk subyektiv simptomdur. O, huşun itməsindən öncə gəlir. Bəzi hallarda aura xəstəliyin yeganə əlaməti ola bilər. Adətən aura çox qısamüddətli olur və cəmi bir neçə saniyə davam edir. Auralar keylik hissi, qulaqlarda cingilti, işıq qığılcımı, ağızda hər hansı dad hissiyyatı, istilik hissi və s. kimi meydana çıxır. Auranın vacib əlamətləri onun tutmadan tutmaya təkrarlanmasıdır. Aurası olan xəstə bilir ki, onun ardınca tutma gəlir və həmin an oturmağa və ya uzanmağa çalışır ki, yıxılmadan, zədələnmədən özünü qorusun.
- Epileptik tutmaların hansı xarakter əlamətləri var?
- Epileptik tutmalar müxtəlif olur və beyinin zədələnən sahəsindən asılıdır. Tutma anında huşun pozulması böyük əhəmiyyət kəsb edir. Epileptogen zədələnmə beyinin istənilən şöbəsində ola bildiyi kimi, ondan qaynaqlanan tutmalarda epileptik aktivlik ocağına uyğun olaraq müxtəlifdir: hərəki, psixi və vegetativ əlamətlər. Bununla yanaşı epileptik utmaların ümumi oxşar cəhətləri var – qəfləti başlanğıc; qısa davametmə (saniyə anlarından 5-10 dəqiqəyədək); spontan keçmə; təkrarlanan. Epileptik tutmalar baş beyində neyron boşalmalarının meydana çıxmasından asılı olaraq fokal (parsial) və generalizəolunmuş ola bilər Sadə fokal tutmalar huşun saxlanılması, mürəkkəb isə itməsi ilə təzahür edir. Generalizəolunmuş tutmalar isə böyük əksəriyyətdə huşun itməsi ilə müşahidə olunur.
- Epilepsiyanın əsas səbəbləri hansılardır?
- Epilepsiyanın səbəbləri müxtəlifdir. Bir sıra hallarda xəstəliyin səbəbi irsi - genetik faktordur. Epilepsiyanın irsi formalarının meydana çıxmasına cavabdeh olan genlər aşkar olunmuşdur. Epilepsiyanın səbəbi hadisələrin təqribən yarısında təyin olunmamış qalır. Simptomatik adlanan bəzi epilepsiya formalarında xəstəliyin inkişafının səbəbi antenatal və perinatal travmaların (məs., hipoksiya və ya doğuş travması), anadangəlmə malformasiyaların, başın travmalarının, insultların, beyin şişlərinin və s. nəticəsidir.
- Epilepsiya hansı yaşda başlayır və yayılması necədir?
- Bu xəstəlik müxtəlif yaşlarda müşahidə oluna bilər, daha çox uşaqlarda və ahıl yaşlarda rast gəlinir. Prinsipcə hər bir insan müəyyən bəlli şərtlər daxilində epileptik tutma keçirə bilər. Ümumilikdə təqribən 250 milyon insan bir epileptik tutma keçirir. Ancaq tək tutmanın olması epilepsiya diaqnozunun qoyulması üçün yetərli deyildir. Dünyada elə bir ölkə yoxdur ki, orada epilepsiya xəstəliyinə rast gəlinməsin. Müxtəlif ölkələrdə epilepsiyanın yayılması hər 1000 nəfər əhaliyə 1,5-lə 50 hadisə arasında dəyişir, xəstələnmə isə hər 100 000 nəfər əhaliyə 20-53 hadisə təşkil edir, inkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 100-190-dır. Hal-hazırda planetdə 75 milyon insan epilepsiyadan əziyyət çəkir. Bütün dünya üzrə 2 500 000 yeni xəstələnmə halı qeydə alınır. Bütün xəstəliklərin ümumi qlobal yükünün 0,5%-i epilepsiyanın payına düşür.
- Azərbaycanda epilepsiyanın epidemioloji göstəriciləri necədir?
- Azərbaycanda epilepsiyanın yayılması hər 1000 nəfərə 3,7 – 8 hadisə, xəstələnmə isə hər 100 000 nəfərə 24,4 – 83 hadisə təşkil edir. Hazırda Azərbaycanda 60 000-dən çox insan epilepsiyadan əziyyət çəkir. Qeyd etmək lazımdır ki, Azərbaycanda bəzi yaş qruplarında xəstəliyin yayılması, xəstələnmə halları haqqında əldə olan məlumatlar o qədər də inandırıcı deyil. Belə ki, Azərbaycanda inkişaf etmiş ölkələrdə xəstəliyin yayılmasının, xəstələnmə hallarının göstəricilərinin müqayisəsində 15 yaşa qədər olan qruplarda alınan nəticələr oxşardır; yaşlı qruplarda (60-69) isə inkişaf etmiş ölkələrlə (ABŞ, Kanada, uyğun olaraq 6,83 və 7,2/1000 nəfər) müqayisədə ölkəmizdə çox aşağı olmuşdur (Azərbaycanda 1,88 və 1,18/1000 nəfər). Bunun səbəbi müəyyən dərəcədə belə yaş qruplarında xəstəliyin aşkarlanmasının zəif səviyyədə aparılması ilə bağlıdır. Belə ki, bir çox həkimlərin, eləcə də nevroloqların kəllə - beyin travmaları, insultlar, ensefalitlər, meningitlər, şişlər olan xəstələrdə ilk və spontan təkrarlanan epileptik tutmalarla qarşılaşdıqları zaman qıcolma əleyhinə dərman preparatlarının təyin olunması ilə kifayətlənirlər. Həmin qrup xəstələrdə simptomatik epilepsiyanın diaqnozunun təsdiq və ya inkar olunması üçün nə dinamik kliniki nəzarət, nə də xüsusi müayinələr aparılmır.
Hazırda ATU-nun nevrologiya kafedrasının əməkdaşları yuxarıda göstərilən məlumatların daha dəqiqləşdirilməsi istiqamətində müxtəlif etioloji amillərdən yaranan epilepsiyanın klinik mənzərəsi, rastgəlmə tezliyi və ehtimal olunan risk faktorlarının aşkarlanması istiqamətlərində ciddi işlər aparırlar.
- Epilepsiyanın profilaktikası mümkündürmü?
- Epilepsiyanın səbəbləri və tipləri müxtəlif olduğundan onun birincili profilaktikası bütün hallarda effektiv deyildir. Belə ki, hər hansı təhrikedici faktor olmadan yaranan epilepsiyanın qarşısını tamamilə almaq mümkün deyildir. Epilepsiyanın irsi formaları profilaktikaya tabe olmur. Bununla yanaşı tibbi yardımın yaxşılaşdırılması meningit və ensefalitdən sonra yarana biləcək epilepsiyaxəstəliyini azalda bilər. Kəllə - beyin travmalarından qorunmaq (yollarda təhlükəsizlik tədbirlərini artırmaq, istehsalatda baş üçün kaskalardan istifadə) posttravmatik epilepsiyanın yaranmasının qarşısını almaq üçün ən effektiv üsuldur. Mamalıq xidmətinin, eləcə də parazitar (exinokokkoz və toksoplazmoz) və bakterial (xüsusilə vərəm və digər) xəstəliklərin ləğvinə yönəlmiş ictimai səhiyyə tədbirlərinin yaxşılaşdırılması yeni epilepsiya hallarının azalmasına zəmin yarada bilər.
- Epilepsiyanın müalicəsi varmı?
- Epilepsiya uzunillik müalicə tələb edir. Sözsüz ki, bütün dünyada, eləcə də Azərbaycanda da epilepsiyanın əsas müalicə metodu epilepsiya əleyhinə dərmanların (EƏD) istifadəsidir. Epilepsiyanın müalicəsində məqsəd tutmaların tamamilə kəsilməsidir. Müasir farmakoterapiyanın uğurları sayəsində təqribən 60-70% hallarda tutmalara tam nəzarət mümkündür. Belə ki, əksər hallarda epilepsiya müalicə olunan və sağalan xəstəlikdir. Ancaq unutmamalıyıq ki, müalicəyə çətin tabe olan epilepsiya formaları da mövcuddur, hansı ki, 20% hallarda birincili generalizəolunmuş və 35% fokal tutmaları olan xəstələrdə müşahidə olunur.
- Epilepsiyanın müalicəsində epilepsiya əleyhinə dərmanlardan başqa hansı müalicə üsullarından istifadə olunur?
- Epilepsiyanın müalicəsində digər metodlar da tətbiq olunur. Onların arasında daha geniş tətbiq olunan cərrahi müalicə xüsusi yer tutur. Epilepsiyanın bu müalicəsiyalnız o vaxt tətbiq olunur ki, epileptik tutmaları EƏD-la qarşısını almaq mümkün olmur. Bununla belə bu müalicənin bir çox əks göstərişləri vardır. Cərrahi müalicəyə ehtiyacı olan xəstələri seçərkən onların kliniki vəziyyətlərinin, neyrofizioloji, neyropsixoloji, psixiatrik və psixososial məlumatlarının qiymətləndirilməsi mütləqdir. Cərrahi müdaxiləni ümumi qəbul olunmuş ixtisaslaşdırılmış mərkəzlərdə həyata keçirmək lazımdır. Belə ki, xəstənin həm müayinəsi, həm də əməliyyat xüsusi mürəkkəb prosedurlar tələb edir. Nəzərə almaq lazımdır ki, cərrahi əməliyyat sözsüz ki, geri qaytarılmayan prosesdir. Buna görə də real olaraq cərrahi müalicə 8-10% hallarda farmakorezistent epilepsiyalar zamanı tətbiq olunur. Epilepsiyanın müalicəsində epileptocərrahiyyəyə aid olan qamma – bıçaq, beyinin dərin stimulyasiyası, periferik sinirlərin stimulyasiyası və digər kimi innovasion terapiyalar da tətbiq olunur. Baxmayaraq ki, epilepsiyanın sadalanan müalicə metodları vədverici, cəlbedici və perspektivli olsa da onların effektivliyinin isbat olunması üçün geniş randomizəolunmuş tədqiqatlar lazımdır. Digər müalicə metodları kimi hipnoz, aromaterapiya və iynəbatırma məlumdur. Bunların effektivliyi haqqında isə olduqca az informasiya var və ya heç yoxdur.
- Siz Azərbaycanda epileptologiyanın uğurları və problemləri barədə nə deyə bilərsiniz?
- Son 20 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülmüşdür. Belə ki, xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti, qadınlarda epilepsiya öyrənilmişdir. Həmçinin epilepsiyanın mövcud qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılmışdır.
Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy turşusu) dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim – epileptoloqun nəzarətdə saxlanmasını misal şəkmək olar.
Epilepsiyalı xəstələrə göstərilən müalicə - profilaktik işlə bağlı bütün problemlərin həlli, şübhəsiz ki, çətin məsələdir. İnkişaf etmiş ölkələrin özündə belə epilepsiyalı xəstələrə yardımın təşkilində əhəmiyyətli dərəcədə problemlər mövcuddur.
İnkişaf etmiş ölkələrdə epilıepsiya ilə mübarizə göstərdi ki, ixtisaslaşdırılmış epileptik mərkəzlər epilepsiyadan əziyyət çəkən xəstələrin diaqnostika, müalicə və reabilitasiyasında yüksək effektivliyə malikdir. Respublikamızda bu cür ixtisaslaşdırılmış epileptik mərkəzin açılması yaxın gələcəkdə tam realdır. Bununla belə epilepsiyalı xəstələrə göstərilən müalicə - profilaktik və sosial yardımlara yönəlmiş cəhdlər təxirə salına bilməz.
Artıq çox illərdir ki, dünyada epilepsiya sinir sistemi xəstəliyi olaraq tanınır. Bu istiqamətdə pozitiv tədbirlərdən biri epilepsiyalı xəstələrin nevroloqlar tərəfindən aparılmasının təşkili olar. Biz eləcə də hesab edirik ki, həkim – epileptoloq ixtisasının təsis olunması və böyük şəhərlərimizin poliklinikalarında epileptik kabinetlərin təşkili zəruridir.