"Bu gün dünya əhalisinin üçdə bir hissəsində mikronutriyent çatışmazlıqları var".
Bunu Avropa və Mərkəzi Asiyada miktonutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur:
"Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Statistikaya görə, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir".
Agentlik sədri bildirib ki, hazırda ölkəmizdə bu problemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır.
Q.Təhməzli qeyd edib ki, aparılmış araşdırmaların nəticələrinə görə, bu gün ölkəmizdə 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var:
"Qadınlar arasında isə bu göstəricilər daha yüksəkdir. Qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. Bu gün əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir”.
Agentlik sədrinin sözlərinə görə, AQTA fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb: "Hazırda bu proses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır".
APA