“Artıq bir çox ölkələrdə 4-cü doza vaksin vurulub. Azərbaycanda da 4-cü doza vaksinin vurulması məqsədəuyğun sayılır”.
Bunu Bakupost.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva deyib.
Millət vəkili qeyd edib ki, dünyada koronavirus hələ də tüğyan edir:
"Ölkəmizdə də koronavirusla bağlı rəqəmlər 500-ü keçib. Nəzərə alsaq ki, qarşıdan payız fəsli gəlir, demək respirator xəstəliklərin baş qaldırma ehtimalı yüksəkdir. Yəni, koronavirusla bağlı təhlükə sovuşmayıb. Bir sıra Avropa ölkələrində hətta 4-cü doza vaksinin vurulmasına bir neçə ay öncə başlanılıb. Virusdan qurtulmanın yolu peyvəndləmədir. Vurulan peyvəndlərin təsir etmə müddəti 6 aydır. Ondan sonra növbəti dozanın vurulmasına ehtiyac duyulur”.
K.Əliyeva yenidən peyvəndlənməyə ehtiyac olacağını diqqətə çatdırıb:
“Peyvəndin vurulması xəstəliyin qarşısını almır, xəstəliyin yüngül formada keçirilməsinə şərait yaradır. Düşünürəm ki, yenidən peyvənlənməyə ehtiyac olacaq. Əvvəlki vaxtlarda ölkəmizdə koronavirusdan həyatını itirənlərin əksəriyyəti məhz peyvənd olunmayan insanlar idi. Qarışdan soyuq aylar gəlir. Hansısa yeni viruslar, yaxud koronavirusun mutasiya olunmuş formaları da meydana çıxa bilər. Lakin həmin virusların nələr törədə biləcəyi haqqında öncədən danışmaq mümkün deyil. Ona görə ehtiyatı əldən vermək olmaz. Hər bir halda Operativ Qərargahın verəcəyi qərarlara uyğun addımlar atılacaq”.