Xəstənin ayağındakı taxta parçası 63 il sonra tapılıb.
Azərbaycan Tibb Universitetindən (ATU) Medicina.az-a verilən məlumata görə, ATU-nun həkimləri son 20 ildə xəstəni daim narahat edən problemi aradan qaldırıblar.
63 il əvvəl xəstənin bədəninə girən yad cismi, nəhayət, aşkarlamaq mümkün olub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi söbəsinin professoru Məhəmməd Kərimovun sözlərinə görə, xəstə 3 yaşında olarkən yanan təndirə düşüb, bədəni geniş və dərin yanıq travması alıb: "Bundan sonra uşaq üzərində çoxsaylı cərrahi əməliyyatlar keçirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.
Sonralar bu şəxs özü də həkim olub və insanların sağlamlığının keşiyində dayanıb. Lakin son 20 ildə xəstəni sol baldırda olan və bugünə qədər sağalmayan trofiki xoralar ciddi narahat edib. Bununla əlaqədar müxtəlif ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, İranda dəfələrlə müalicə olunub, hətta xəstəxanalarda stasionar müalicə də alıb, amma effekti olmayıb – xora bağlanmayıb.
Xəstə klinikaya müraciət edib. Müayinə zamanı ilk baxışda əhəmiyyətsiz görünən kiçik bir detala diqqət yetirdik. Sonradan məhz bu detal xoranın bağlanmamasının sirrinin açılmasında həlledici rol oynadı. Bir-birinə yaxın yerləşmiş xoraların dibi eyni rəngdə, eyni xarakterdə olan, çox qalın ərplə örtülmüşdü. Bu bizdə şübhə oyatdı və sonrakı müayinələr zamanı bunun yad cisim olması qənaətinə gəldik”.
Məhəmməd Kərimov bildirib ki, əməliyyat zamanı doğrudan da xoraların dibində yad cismin varlığı təsdiqlənib:
"Məlum olub ki, 63 il əvvəl - xəstə uşaq ikən yanan təndirə düşəndə onun ayağına batan taxta parçası (10+2sm) hələ də bədənində qalırmış.
Əməliyyatdan 1 həftə sonra müayinə zamanı xoraların təmizləndiyi, sağlam qranulyasion toxumanın inkişaf etiyi müşahidə olundu. Pasiyent isə dözülməz ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas oldu”.