Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 20 ildə ən çox qar bu il yağıb - Umayra Tağıyeva

  • 2023.02.24 14:40
  • 1704 Baxış
Azərbaycanda  20 ildə ən çox qar bu il yağıb   - Umayra Tağıyeva


“Fevral ayı yanvarla bərabər ilin ən soyuq aylarındandır. Bu ayların orta aylıq temperaturu da demək olar ki fərqlənmir. 2008 və 2012-ci illərin qış ayları istisna olmaqla, son onilliklərin digər illərində mülayim qış müşahidə edilib”.


"Medicina" xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.


Onun sözlərinə görə, bu il fevral ayının 23-ü axşamdan ölkə ərazisinə şimal-qərbdən daxil olan soyuq atmosfer cəbhəsi hava şəraitinin dəyişməsinə səbəb olub:

“Bu proses öncəsi fevralın bəzi günlərində havanın temperaturu iqlim normasını 8 dərəcəyədək aşıb. Hətta Bakıda 21 dərəcə, adətən qışı soyuq keçən Naxçıvanda 16 dərəcəyədək, dağlarda isə 13 dərəcə isti müşahidə edilib. Bu da soyuq atmosfer cəbhəsinin kontrast hava kütləsi ilə qarşılaşmasına və intensiv qarın yağmasına səbəb olub”.

Xidmət rəisi qeyd edib ki, ölkə ərazisini əhatə edən hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən, ən çox qar Qaxda qeydə alınıb:

“Bir gün ərzində yağan qarın miqdarı aylıq normanı aşıb (105 faiz), qar örtüyünün hündürlüyü isə 95 sm-ə çatıb. Qeyd etmək lazımdır ki, bu, son 20 ildə ən yüksək göstəricidir. 2012-ci ildə isə Qaxda 84 sm-lik qar örtüyü müşahidə edilib. Digər rayonlarda, Şəki, Daşkəsən, Göygöl, Gəncə, Zaqatala və Yevlaxda düşən yağıntının miqdarı aylıq normanın 58-101 faizini təşkil edib.


Qar örtüyünün hündürlüyü Şəkidə 43, Daşkəsəndə 33, Gədəbəydə 30, Göygöldə 26, Ordubadda 22, Qubada 18, Ləzədə 15, Xaltanda 12, Oğuzda 11, Altıağacda 10, Şahdağ, Qusarda 8, Qobustan, Qrız, Qəbələdə 7, Xınalıqda 6, Şabranda 5, Yardımlıda 4, Tərtər, Göyçay, Zərdab, Zaqatala, Xaçmazda isə 1 sm qeydə alınıb”.

U.Tağıyeva qış fəslində qarlı proseslərin yazda çayların sululuğuna təsir göstərən əsas amillərdən biri olduğunu da qeyd edib:

“Ölkənin su ehtiyatlarının vəziyyətini proqnozlaşdırmaq üçün ənənəvi olaraq mart ayının 1-ci ongünlüyündə ölkənin dağlıq və yüksək dağlıq ərazilərinə qarölçmə ekspedisiyaları təşkil olunacaq”.

Xidmət rəisi onu da bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qusar, Qrız, Lerikdə dumanlı hava şəraiti müşahidə olunub:

“Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb. Avtomobil yollarında sürücülərin diqqətli olması vacibdir. Qarın yağması ölkənin əsasən dağlıq və dağətəyi rayonlarında gözəl qar mənzərəsi yaradıb. Foto və video görüntülərlə meteo.az saytında gün ərzində paylaşımları izləyə və növbəti günlərdə müxtəlif bölgələrdə gözlənilən hava şəraiti haqqında məlumatları əldə edə bilərsiniz.

İstirahət günlərində qış turizmi ilə maraqlanan əhali dağlıq rayonlarda qar mənzərəsindən zövq ala bilər. Nəzərə alaq ki, bu axşam soyuq atmosfer cəbhəsi ölkə ərazisini tərk edəcək və qarın kəsilməsi gözlənilir. Fevralın 25-26-da hava şəraitinin mülayimləşəcəyi və əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir, temperatur tədricən yüksələcək. Lakin ayın 25-də cənub-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var”.