Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 13-14 yaşlı qızlar niyə intihar edir? - Sektalar, zorakılıq, şantaj...- ARAŞDIRMA

  • 2022.02.02 16:19
  • 2819 Baxış
 Azərbaycanda 13-14 yaşlı qızlar niyə intihar edir? -  Sektalar, zorakılıq, şantaj...- ARAŞDIRMA
Son zamanlar ölkədə məktəbli qızların intiharı ilə bağlı xəbərlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ötən ildən bu günə nəzər salsaq, görərik ki, 3 sentyabr 2021-ci il tarixdə Qəbələ rayonunun Yenikənd kəndində 2008-ci il təvəllüdlü Həlimə Emin qızı Hüseynova özünü asaraq intihar edib, 15 oktyabr 2021-ci il tarixdə Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib, 10 mart 2021-ci il tarixdə Abşeron rayonunda iki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar edib, 31 yanvar 2022-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbə sakini 16 yaşlı Möminə Xəlil qızı Qəribli yaşadığı evdə özünü asaraq intihar edib.

Bəs yeni həyata addımlamaq astanasında olan bu yeniyetmələrin ölümü seçməyinə səbəb nədir? Və ya onlar həqiqətənmi bunu seçiblər?


Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsləhətçisi Şəbnəm Cəfərova Bakupost.az-a bildirib ki, son dövrlər məktəbyaşlı qızların intihar xəbərlərilə tez-tez rastlaşırıq:

“İntihar fikri olan yeniyetmə buna dəfələrlə cəhd edə bilir. Amma bəzən ailə tərəfindən lazımi qayğı və diqqətin göstərilməməsi bu cəhdlərin ölümlə nəticələnməsinə gətirib çıxarır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının qorunması istiqamətində hər il müxtəlif maarifləndirici tədbirlər həyata keçirir. Burada əsas diqqət ailə dəyərlərinin möhkəmləndirilməsi, valideyn övlad münasibətlərinin daha da inkişaf etdirilməsi, uşaqların sağlam gələcəklərinin formalaşması istiqamətindədir.

Dövlət Komitəsi olaraq, yeniyetmələrin intihara cəhd etməsi ilə məlumatlar daxil olduqdan sonra aidiyyəti üzrə uşağın yaşadığı, eyni zamanda hadisənin baş verdiyi yerin müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə əlaqə saxlanılır. Daha sonra intihara cəhd etmiş uşağın evinə səfər edilir. Ailə ilə profilaktik söhbət aparılır. Bu halın yaranmasına nələrin səbəb olduğu müəyyən edilir və uşağın reabilitasiya cəlb edilməsi üçün müəyyən tədbirlər həyata keçirilir”.

Şəbnəm Cəfərova bildirib ki, intihar zamanı seçilən üsullar, ona gətirən səbəblər müxtəlif olur:

“Burada ailə daxili zorakılığa məruz qalma, ailə tərəfindən lazımi qayğı və diqqətin göstərilməməsi, abituriyent dövründə ailə üzvləri tərəfindən daha çox edilən təzyiq, eyni zamanda dostlar tərəfindən “bullinqə” məruz qalma kimi hallar səbəb olur.
Ötən ilin noyabr ayında Dövlət Komitəsi və Təhsil Nazirliyin birgə əməkdaşlığı çərçivəsində Bakı və Sumqayıt üzrə orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəb psixoloqlarına intihara cəhd etmiş şagirdlərlə iş, bu zaman istifadə edilən psixodiaqnostika və reabilitasiyası üsulları barədə məlumatlar verilmişdir. Şagirdlərlə bağlı aparılan işlər çərçivəsində növbəti tədbir zamanı xarici mütəxəssis tərəfindən psixoloqlara "Sosial- emosional öyrənmə" haqqında məlumatların verilməsi nəzərdə tutulur”.

Komitə məsləhətçisi qeyd edib ki, bəzən erkən evliliyə cəlb edilmə səbəbilə də intihara cəhd hadisələri ola bilir:

“Bu səbəblə Komitə bu kimi halların baş verdiyi Nardaran, Maştağa, Qazax, Tovuz , Lənkəran, Masallı rayonlarında yaşayan qızlarla birgə " Qızlar müzakirə qoşulur" adlı tədbir həyata keçirir. Cari ildə bu tədbirin Samux və İmişli rayonları üzrə keçirilməsi nəzərdə tutulur.
Təbii ki, belə hallarda məsələyə hərtərəfli yanaşılması onun həllində mühüm rol oynayır. Ailələr ilə işlər həyata keçirilən zaman həmin ailə nəzarətə götürülür, mütəmadi olaraq ailəyə səfər edilir”.




“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bu problemlərin qarşısını almaq uşun kompleks tədbirlər görülməlidir:

“Heç bir valideyn istəməz ki, zəhmətlə, əziyyətlə böyütdüyü uşaq intihar etsin. Lakin valideynlərin də uşaqlarla davranış modeli dəyişməlidir. Əvvəlki kimi zorakı üsulla tərbiyə etmək metodları dəyişməlidir. Valideynlər övladları ilə söhbət etməyə mütləq vaxt ayırmalı və uşaq valideyni ilə bütün məsələləri müzakirə etməlidir. Təəssüf ki, iqtisadi vəziyyətə görə bütün valideynlər işləməli olur və imkanlar dar çərçivəyə düşür. Amma buna baxmayaraq, əgər uşaq dünyaya gəlirsə, onun inkişafı, vaxtının səmərəli, düzgün keçməyə nəzarət mexanizmi olmalıdır. Bir daha qeyd edirəm ki, bu nəzarət mexanizmi zorakı deyil, daha çox dostluq, mehribanlıq çərçivəsində həyata keçirilməlidir. Yadıma gəlir ki, bir məktəbli şagird məktəbdə atası haqqında danışmışdı və müəllim həmin uşağın sığınacağa getməsini məsləhət görmüşdü. Amma həmin ailə ilə müəyyən işlər görmək olardı ki, problem qismən də olsa aradan qaldırılsın.

Burada sosial işlər institutunun aktivləşməsi diqqəti cəlb edir ki, belə hallarda həssas vəziyyətdə olan uşaqlarla bağlı monitorinqlər keçirilsin və evə gəlib sosial işi qiymətləndirsin. Bilirik ki, müxtəlif sektalar var və bunların arxasında nə dayanır. Bəlkə doğurdan da, uşaqlarla bağlı belə məhvedici hansısa sektalar fəaliyyətədədir və gəncləri məhv etməklə bağlı işlər görürlər? Bu məsələ ilə bağlı hüquq- mühafizə orqanları ilə yanaşı, həmçinin təhlükəsizlik orqanları da, məşğul olmalıdır. Yəni, biz bilmirik gənc, həyat dolu, yaşamaq üçün bütün imkanları olan bir qızın intihar etməsinin başqa səbəbləri də ola bilər. Məsələn, burada zorlanma, sevgi, xəyanət, çox müxtəlif səbəblər ola bilər. Ona görə bu araşdırmalarda çox yaxşı olardı ki, QHT-lər də iştirak etsin və maarifləndirmə işini o istiqamətdə aparsınlar. Araşdırmalarda biz tezis hazırlanmalıdır ki, maarifləndirmə, bu istiqamətdə aparılsın.


Ona görə də qurumlar arasında qarşılıqlı əməkdaşlıq olmalıdır. Təbii ki, hüquq mühafizə orqanlarına bir çox məsələlər aydın olur. Amma araşdırmalarla bağlı, QHT, Ailə Qadın və Uşaq Məsələləri Komitəsi, Sosial Müdafiə kimi qurumlara, maarifləndirməni bu istiqamətdə aparsınlar deyə tövsiyələr verilməlidir. Həmçinin QHT-lər məktəbli və yetkinlik yaşına çatmış qızlarla bu sahədə daha çox işlər aparılmalıdır”.

Mehriban Zeynalova vurğulayıb ki, 12-13 yaşında ailə münasibətlərində zorakılığından qaçan uşaqlar onlara müraciətlər edirlər:


“Həmin qızlar intihara getmirlər. Ona görə də bu xidmətlərlə bağlı məlumat vermək olar ki, çıxılmaz vəziyyətdə sığınacaqlara müraciət etsinlər. Ola bilər ki, uşaq çıxış yolu tapa bilmir, qeyri münasibətlə üzləşib və valideynlərinə deyə bilmir və məhz sığınacaqlara müraciəti ilə intihardan xilas ola bilər. Çox istərdim ki, hüquq-mühafizə orqanları təhqiqat dövründə müəyyən etdiyi məsələlər ilə bağlı qurumlara tövsiyələr versin. Onu da qeyd etmək istərdim ki, intihar etmək istəyən insanların əvvəlcədən müəyyən mesajları olur. Buna diqqət etmək lazımdır”.

Sədr əlavə edib ki, yerlərdə icra hakimiyyəti orqanlarında olan komissiyalar, qurumlar demək olar ki, passiv mövqedədirlər:

“İcra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanlarla, zorakılıqla mübarizə komissiyaları var. Bütün ailələrə kağız paylanılmalıdır ki, belə komissiyalar var və problem olduğu təqdirdə bizim mütəxəssislərə müraciət edin. Biz demirik ki, bütün məsələləri onlar üzərlərinə götürsünlər, sadəcə, bu, resurslardan səmərəli istifadə etsinlər. İcra hakimiyyətlərinin yanında üç komissiya var. O, komissiyalar bunu bacarırmı? Məsələ ilə məşğul olurlarmı? İnsanlar müraciət edirlərmi? Yaxud rahat o komissiyaya daxil olmaq olurmu? Komitə siyasəti müəyyən edir, amma yerlərdə insanlarla çalışan icra hakimiyyətləri, bələdiyyələr və digərləridir. Gördüyümüz kimi bələdiyyələr donmuş bir qurumdur. Halbuki, bələdiyyələr kifayət qədər adamlarla ünsiyyət qura bilərlər. Bir daha demək istəyirəm ki, bu intiharların təhqiqatı nəticəsi olmalıdır ki, tövsiyələr verilsin. Həmin təhqiqatın nəticələri üzrə bizə istiqamətlər verilməlidir. Çünki yeniyetmə, gənc qız və oğlanların intiharı çox ciddi narahatlıqdır”.



Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə isə deyir ki, azyaşlı qızlar daha çox sevgi, eşq mövzusunda kimlərinsə təsiri altına düşə bilir və bu daha çox şantaj xarakterli hərəkətlərə gətirib çıxarır:


“Məktəbli qız dediyimiz həm də bir ailənin övladı və Azərbaycan vətəndaşıdır. Bu uşaqlar daha çox ailə-məişət zəminində baş verən hadisələrlə qarşılaşır. Bu, onların psixoloji vəziyyəti, eyni zamanda hormon dəyişkənliyi, təhsil yükü və müxtəlif məqamlara bağlı bir vəziyyət ola bilər. Amma bu gün deyə bilmərik ki, intiharlar kütləvi hal alıb. Ailənin övladına ayıra bilmədiyi diqqət, nəzarətin olmaması, səbəblər aşkarlanmadığı halda iki cür intihar baş verir, bu, diqqət çəkmək məqsədli, digəri isə artıq ölümə səbəb olan intihardır. Digər bir tərəfdən azyaşlı qızlar daha çox sevgi, eşq mövzusunda kimlərinsə təsiri altına düşə bilir və bu daha çox şantaj xarakterli hərəkətlərə gətirib çıxarır”.

Kəmalə Ağazadə bildirib ki, bunlar valideyn-övlad münasibətlərinin yetərli səviyyədə olmaması, təlim-tərbiyə istiqamətində fəaliyyət göstərən qurumlar tərəfindən uşaqlara diqqətin az olmasından da irəli gəlir:


“İntihar hadisəsi cinayətdir. Belə bir halda insanı intihar həddinə çatdırma da gözdən qaçmır və cinayət hesab olunur. Bu işi ilkin olaraq araşdıran hüquq-mühafizə orqanları, müstəntiqlərdir. Bu istiqamətdə rayonlarda ərazilər üzrə buna diqqət edəcək qəyyumluq komissiyalarında təmsil olunan qurumların nümayəndələri var. Öncədən belə intiharların qarşısını almaq üçün həmin komissiyaların işini gücləndirmək, səlahiyyətlərini artırmaq, aidiyyəti qurumların əməkdaşlığını təmin etmək, ya da bunların hamısını eyni quruma yığaraq bir istiqamətdə problemə çarə axtarmaq olar. Bu baxımdan deyə bilərik ki, burada sosial işçiyə də ehtiyac var. Hansı qəyyumluq komissiyalarının yanında sosial işçi görmüsünüz? Təbii ki, görməyəcəksiz. Çünki onlar bir qurumda toplanıb”.


Birliyin sədri əlavə edib ki, bu istiqamətdə Ailə Qadn və Uşaq Problemləri Dövlət Komitəsi yanında yaradılmış ailələrə dəstək mərkəzlərinin fəaliyyəti daha da gücləndirilməlidir:

“Bunu sözdə yox, məhz əməldə etmək lazımdır. İki gün əvvəl Masallının Təzə Alvadi kəndində 15 yaşlı qızın nişanlanması ilə bağlı məlumat paylaşdıq. Bu məsələnin gülünc tərəfi odur ki, valideyn deyir, mən oğlanı tanımıram və iki gün olar onu görmüşəm. Qızın davranışlarını icra hakimiyyəti də qiymətləndirib, məlum olub ki, uşağın ümumiyyətlə, qismən zəka geriliyi var. Həmçinin hadisəni anlamamaq tərəfi də mövcuddur. İndi necə düşünürsüz, bu qız intihara meyilli ola bilərmi? Bunu həssas uşaq kimi qiymətləndirə bilərikmi? Təbii ki, nə zamansa intihar etmək ehtimalı var. Çünki o çox kiçikdir və onun bilmədiyi məqamlar var. Eyni zamanda cinsi münasibəti dərk etmədən onu buna sövq etdikdə, çox ciddi psixi problemləri də ola bilər. Deməli, daha bir intiharın qapısında olan birini gözləyirik”.

Fəridə
Baku Post