Hazırda Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var.
Medicina.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
U.Həşimova bildirib ki, rəsmi statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına daha çox qadınlar düşüb. Belə ki, ölkədəki uzunömürlülərin 814 nəfəri qadın, 24-ü kişidır: "Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Qeyd etmək lazımdır ki, pasport yaşının verifikasiyası, yəni dəqiqləşdirilməsi aparılanda göstərilən rəqəmlər dəyişə bilər”.
U.Həşimova əlavə edib ki, ölkədə yaşı 100-ü keçən insanların sayı azalıb:
"Böyük Vətən müharibəsindən sonra da aparılan tədqiqatlar göstərib ki, hətta ağır aclıq, müharibə illərinə baxmayaraq Kiçik Qafqazda, Talış dağlarında yaşı 100-ü ötmüş bir çox uzunömürlü qeydə alınırdı. 2009-cu il siyahıyaalınmasının yekunlarına əsasən, ölkədə 100 və yuxarı yaşda olan şəxslərin sayı 1143 nəfər idisə, artıq bu rəqəm xeyli aşağı düşüb. 2009-cu ildə 100 yaşını keçmiş şəxslərin 8,7 faizini, yəni 100 nəfərini kişi, 91,3 faizi, yəni 1043 nəfərini qadınlar təşkil edib. 2013-cü ildə uzunömürlülərin sayı bir qədər də azalıb”.