2019-2020-ci illərdə ölkədə körpə ölümü əvvəlki illərlə müqayisədə ən aşağı səviyyədə qeydə alınıb.
Medicina.az xəbər verir ki, bu, AMEA Coğrafiya İnstitutunun "Kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri” tədqiqatında bildirilib.
Qeyd olunub ki, bununla yanaşı, şəhərlər bu göstəricidə xeyli irəlidir. 1 yaşa qədər uşaq ölümünün 70,9%-i şəhər əhalisinin payına düşür. Belə vəziyyət əhalinin Abşeronda həddən artıq cəmlənməsi, onların çoxunun qeydiyyatı olmasa da, doğulan uşaqların qeydiyyatının aparılması, tibbi müayinəsinin həyata keçirilməsi, uşaq ölümü qeydiyyatının şəhərlərdə aparılması ilə bağlıdır. 2020-ci ildə ölkə üzrə uşaq ölümünün 27,6%-i (343 nəfər), o cümlədən şəhər əhalisi üzrə olan ölümün 39,0%-i Bakı şəhərinin payına düşür.
Bildirilib ki, əvvəlki dövrlərdən fərqli olaraq hazırda ölkədə 1 yaşa qədər uşaqlar əsasən perinatal dövrdə meydana çıxan hallardan həyatdan gedir. 2020-ci ildə bu səbəbdən 933 nəfər (hər 10 000 diri doğulan uşağa görə 73,7) uşaq ölüb. Bunun səbəbi isə hamiləlik dövründə analara lazımi səviyyədə tibbi xidmət göstərilməməsi, erkən yaşda ailə quran qızların sayının artması, süni mayalanmanın geniş yayılması, xəstəxanalarda bir sıra mənfi halların davam etməsi, kəndlərdə tibbi xidmətlərin aşağı səviyyəsi və s. ilə əlaqədardır.
Bu amillər ana ölümünün də yüksək səviyyədə qalmasına səbəb olur. Belə ki, 2020-ci ildə 20 ana ölümü qeydə alınıb. 2020-ci ildə tənəffüs orqanlarının xəstəliklərindən 104 nəfər (hər 10 000 diri doğulan uşağa görə 8,2), anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və s.) 62 nəfər körpə (hər 10 000 diri doğulan uşağa görə 4,9) ölüb. Bəzi infeksiya və parazit xəstəlikləri hələ də əsas körpə ölümü səbəblərindən biri olaraq qalır.