Meymunçiçəyinin diaqnostikası üçün Azərbaycana minlərlə test gətirilməsi nəzərdə tutulub.
Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
H.Harmancının sözlərinə görə, xəstəliyin diaqnozu üçün testlərin alınması məqsədilə Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib: "
Xəstəliyin bir neçə müxtəlif tipi var. Onların hansının gəlmə ehtimalının yüksək olması araşdırılır. Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq edirik. Qısa müddət ərzində testlər gətiriləcək. Azərbaycana meymunçiçəyinin diaqnostikası üçün minlərlə test gətirilməsi nəzərdə tutulub. Hazırda ölkədə önəmli bir təhlükə yoxdur.
Bütün əhalinin həmin xəstəliyə qarşı peyvənd olunması müzakirə mövzusu deyil. Tədqiqatlar aparılır. Yüksək risk qruplarını təmsil edən insanların peyvəndlənməsi ola bilər. Hər kəsə peyvənd vurulmasına gərək və ehtiyac yoxdur".
H.Harmancı bildirib ki, meymunçiçəyi COVID-19 kimi təlaşlandıran bir xəstəlik deyil:
"Fərqli şəkillərdə yoluxduğu üçün insandan-insana çətinliklə keçir. Çox təlaşa düşməmək lazımdır. Lakin həmin xəstəliyi də müşahidə altında saxlamalıyıq", - ÜST rəsmisi deyib.
Müəllifin digər yazıları