Azərbaycanda hər kəs əsasən
dərmanın keyfiyyəti ilə maraqlanır. Ancaq kimsə şprisin materialı, keyfiyyəti,
steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Təəssüf ki, bu gün
insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da
mənşəyi məlum deyil.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, bunu
"Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib. Onun
sözlərinə görə, Azərbaycan istehsalı olan şprislərin iç tərəfinin uc hissəsində
qara rezin olmur:
"Şprisin iç tərəfində qara rezin olanda həmin şprislər
tam steril sayılmırlar. Yəni 3 hissədən ibarət olan şprisin bir hissəsi steril
deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun
istehsal etdiyi şprislər iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri belə
üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin
əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil.
Azərbaycan istehsalı olan şprislərdə isə tibbi xammaldan istifadə olunur.
Şprisin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma " şirkətinə
məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir".
S.Hüseynova
bildirib ki, zavod Azərbaycanda artıq 2, 5, 10 və 20 qramlıq şpris satışına
başlayıb:
"Ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər
çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik.
Zavodun istehsal etdiyi şprislərin qiyməti hazırda ölkədəki apteklərdə satılan
digər şprislərlə eynidir, amma bizim zavodun məhsullarının keyfiyyəti olduqca
yüksəkdir".
Direktor
əlavə edib ki, bu ilin may ayında açılan zavod il ərzində 150 milyon şpris
istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan
tələbatını ödəyir.
O, əsas
məqsədlərinin yerli bazarı keyfiyyətli şprislərlə təmin etmək olduğunu da
söyləyib:
"Qısa
müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə
və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Növbəti illər ərzində
istehsal olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur. Zavodda
tibbi kəpənəklərin hazırlanması da planlaşdırılır.