İyunun 23-də AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Sudeyf İmamverdiyevin 80 illik yubileyinə həsr olunan Azərbaycan uroloq və androloqlarının XII konqresində keçirilib.
Konqresi giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü olan fitri istedada malik cərrah-həkimin nefroptozun, prostat vəzinin xoşxassəli hiperplaziyasının cərrahi müalicəsində, andrologiya sahəsində yeni əməliyyatların tətbiqində qazandığı uğurlardan, görkəmli uroloqun keçdiyi həyat yolundan, tibbin bu sahəsində tətbiq etdiyi yeniliklərdən danışıb. Qeyd olunub ki, professor Sudeyf İmamverdiyev 2011-ci ildən Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının fəxri sədri, Uroloqlar Assosiasiyasının rəhbəri, Respublika Ağsaqqallar Şurasının sədr müavinidir.
Bakı şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, Türk Uroloji Dərnəyinin sədri, professor Alteş Kadıoğlu, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və başqaları çıxış edərək həkim-cərrahı təbrik ediblər. Tanınmış cərrah-uroloq Tük Uroloji Dərnəyinə fəxri üzv qəbul olunub və ona çoxlu hədiyyələr təqdim olunub.
Professor Sudeyf İmamverdiyev əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, onun zəhmətini yüksək qiymətləndirən həmkarlarına və konqres iştirakçılarına təşəkkürünü bildirib.
Sonra görkəmli uroloqun həyat yolundan bəhs edən "İnsanlığın sağlamlığında duran ömür" filmi nümayiş olunub.
Konqresdə iştirak edən türkiyəli professorlar Ateş Kadıoğlu, İhsan Karaman, Kamal Sarıca, Selam Albayrak, Yunanıstandan gələn professor Nikolas Sofikitis, amerikalı professor Ervin Kocjancic, Ukrayna Androloqlar Cəmiyyətinin sədri Nikolay Boyko, Rusiyadan gələn professorlar Svetlana Kaliniçenko, Səfər Həmidov, Bəhman Quliyev və başqaları ayrı-ayrı uroloji problemlər, onların sağaldılması üsulları, cərrahi əməliyyatlarda tətbiq edilən ən müasir üsullar barədə məruzələrlə çıxış ediblər.