Azərbaycanın vaksin pasportunu xarici ölkələr tanıyır. Əgər vaksin pasportun varsa, test vermədən məsələn Türkiyə və Gürcüstana gedə bilərsən. Amma Azərbaycana geri qayıdanda sənə TƏBİB tərəfindən verilən vaksin pasportu işləmir. Məcbur yenidən test verməlisən.
Niyə Azərbaycan özünün verdiyi vaksin pasportunu tanımır?
Medicina.az publika.az -a istinadən xəbər verir ki, Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov bu suala cavab verib. Həkim bildirib ki, vaksin pasportu birmənalı olaraq o insanın vaksinlənmiş olduğunu ifadə edir, bununla birlikdə həmin insan üçün ölüm təhlükəsi və ağırlaşmaların qarşısının alınması mənasına gəlir:
“Amma vaksinlənmə yoluxmanın qarşısını alan vasitə deyil. Qoruyucu vasitə olmadığına görə biz vaksinlənmiş olsaq belə, hər hansı bir ölkədən Azərbaycana qayıdarkən yoluxa bilə, yeni ştamların ölkəmizə bilmədən daxil olmasına və bunun ətrafa yayılması üçün şərait yarada bilərik. Unutmamaq lazımdır ki, vaksinlənmiş insanlar yoluxduqları zaman bəzən xəstəliyi asimptomatik keçirirlər. Əlbəttə ki, bunun onlar üçün hər hansı bir təhlükəsi olmasa da, xəstəliyin ətrafa yayılma ehtimalı və başqa ölkələrdən yeni ştamların ölkəyə daxil olmasına şərait yaradacağı ehtimal olunur. Bütün bunları nəzərə alaraq bu gün peyvənd pasportu olub-olmamasından asılı olmayaraq, ölkəyə girərkən PCR test analizinin aparılması hələ ki, TƏBİB və aidiyyəti qurumlar tərəfindən məcburiyyət olaraq qarşımıza qoyulan bir reallıqdır”.
Rəşad Mahmudovun sözlərinə görə, Azərbaycana qayıdarkən test vermək məcburiyyəti o zaman ləğv edilə bilər ki, risklər azalsın.