Azərbaycan Miqrasiya Mərkəzi (AMM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Miqrasiya İnformasiya Mərkəzinin yaradılması” layihəsinin icrasına başlayır.
Bu barədə Azərbaycan Miqrasiya Mərkəzindən bildiriblər.
Mərkəzdən verilən məlumata görə, 10 oktyabr 2023-cü il tarixinə kimi davam edəcək layihənin tərəfdaşları Beynəlxalq Miqrasiya Mərkəzi, Dövlət Miqrasiya Mərkəzi və bir sıra yerli media orqanları və qeyri-hökumət təşkılatlarıdır.
Layihə çərçivəsində Miqrasiya Mərkəzinin əməkdaşların təcrübəsinin artırılması üçün Beynəlxalq Miqrasiya Təşkilatı ilə iki həftəlik kurslar təşkil ediləcək.
Növbəti mərhələdə “Miqrasiya İnformasiya Mərkəzi"nin yaradılması istiqamətində işlər görüləcək, habelə immiqrantlar üçün "Qaynar xətt” yaradılacaq.
Layihə çərçivəsində qanunsuz miqrasiyanın ağır nəticələri və tənzimlənən miqrasiyanın üstünlüklərindən bəhs edən videoçarxın hazırlanması və təqdimatı nəzərdə tutulur.
Bundan başqa immiqrasiya ölkələri və həmin ölkələrin əmək bazarında olan ehtiyacların dəqiqləşdirilməsi və AMM-ə müraciət etmiş şəxslərə ölkələrdəki proqramlar və iş yerləri haqqında dəqiq məlumatların verilməsi, ehtiyacı olanlar üçün müvafiq səfirliklərə müraciətlərin hazırlanması, layihə üzrə hazırlanmış tövsiyələrin icra hakimiyyəti və qanunvericilik orqanının səlahiyyətli əməkdaşları ilə müzakirəsi və son variantın müvafiq orqanlara təqdim edilməsi nəzərdə tutulur.
Sonda layihə çərçivəsində görülən işlərlə bağlı hesabat hazırlanacaq.