Bakı Konqres Mərkəzində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) növbəti illik VIII Milli Konqresi keçirilib.
Medicina.az xəbər verir ki, konqresdə 800-ə yaxın yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Mərkəzi Asiya, Balkan ölkələrindən 30-a yaxın ekspert, spiker və qonaq iştirak edib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov bildirib ki, AKC 2009-cu il martın 19-da yaranıb və bundan cəmi 2 il sonra, 2011-ci il avqustun 30-da onun İdarə Heyəti üzvlərinin məqsədyönlü fəaliyyəti, gərgin əməyi və səyi nəticəsində böyük uğurla Avropa Kardiologiya ailəsinin sayca 54-cü həqiqi üzvü seçilib. Diqqətə çatdırılıb ki, birliyin əsas məqsədi ölkədə ürək-damar xəstəliklərinin (ÜDX) profilaktikası, diaqnostikası və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etmək, kardioloqların bu sahədə biliklərini artırmaq və dünya kardiologiya elminin nailiyyətlərini Azərbaycanda təbliğ etmək, respublikada ürək-damar xəstəliklərinin yayılması səbəbini öyrənmək, kardioloqların peşəkarlıq səviyyəsini artırmaq, Azərbaycan kardioloqları ilə Avropa və digər ölkələrin kardioloqları arasında əməkdaşlığın inkişafına kömək etməkdir:
“Hamımıza yaxşı məlumdur ki, qarşıya qoyulmuş mühüm vəzifələrin bir tərəfdən yüksək effektivliklə həyata keçirilməsi, digər tərəfdən isə tibb elminin son inkişaf nailiyyətlərinin təhlilinə və aparılan müzakirələrin geniş auditoriyaya çatdırılmasına daim böyük ehtiyac duyulur.
Hazırda yaşadığımız XXI əsrdə bütün dünyada böyük problemə çevrilən ÜDX-dən milyonlarla insan əziyyət çəkir. VIII Milli Konqresin elmi proqramı aktual mövzuları, o cümlədən ÜDX-nin epidemiologiyası, proqnozu, ÜDX kəskinləşmələri, ürək çatışmazlığı, ritm və keçiricilik pozulmaları, hipertenziya, komorbid hallar və sair problemlərin həllinə dair yenilikləri, eləcə də invaziv kardiologiyanın nailiyyətlərini özündə cəmləşdirir. İlk gün gənc kardioloqlar üçün ürəyin anatomiya kursu, təkmilelektrokardioqrafiya (EKQ) kursu, qapaq xəstəlikləri kursu təşkil edilib. Keçən illərdən fərqli olaraq bu il Azərbaycan Kardiologiya Cəmiyyəti Avropa Kardiologiya Cəmiyyətinin Ürək Çatışmazlığı Assosiasiyası (ESC/HFA ), Rusiya Kardiologiya Cəmiyyəti, Türkiyə Kardioloji Dərnəyi ilə birlikdə ortaq sessiyalar keçirəcək. Yeniliklərdən biri də orta tibb personalının sessiyasının təşkilidir. Konfrans üçün göndərilən tezislər müvafiq Komitə tərəfindən təsdiqləndikdən sonra tezis materialları kimi dərc olunacaq”.
Konqres öz işini plenar sessiyalarla davam etdirib, Azərbaycan və xarici ölkə mütəxəssislərinin məruzələri dinlənilib. Qeyd edək ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olub və Davamlı Tibb Təhsili (DTT) balla qiymətləndirilib.