Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş şəxsin nümayəndələri, vəkillər Dədəkişi Vəlizadə və Rəşad Abdıyev vəsatət qaldırıblar. Vəsatətdə mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsi əksin tapıb.
Məhkəmə qısa müşavirədən sonra zərərçəkmiş şəxsin vəkillərinin vəsatətləri ilə bağlı qərar qəbul edilib.
Qərarə əsasən, vərəsələr tərəfindən zərər ödənilmədiyindən verilmiş mülki iddia icraata qəbul edilib, lakin təqsirləndirilən şəxsin əmakına həbs qoyulması ilə bağlı vəsatət - əmlakın əvvəllər özgəninkiləşdirilməsi səbəbindən təmin edilməyib.
Cinayət işi üzrə məhkəmə baxışı iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, Azər Maqsudov noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub.
Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.