Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaqlarda xərçəngin gözlənilməz səbəbi məlum oldu

  • 2024.07.10 13:17
  • 872 Baxış
Uşaqlarda xərçəngin gözlənilməz səbəbi  məlum oldu
Yale Xalq Sağlamlığı Məktəbinin tədqiqatçıları uşaqlarda xərçəngin yaranmasının gözlənilməz səbəbini aşkar ediblər.

Medicina.az xəbər verir ki, bunun hamilə qadınların istiyə məruz qalması ilə əlaqəli olduğu müəyyən edilib.
Araşdırmanın nəticələri “The Lancet Planetary” jurnalında dərc olunub.

Tədqiqatçılar kəskin lenfoblastik leykemiya (ALL) diaqnozu qoyulmuş 6 258 uşaqla, xəstəliyi olmayan 307 579 uşağı əhatə edən Kaliforniya Xərçəng Reyestri və Kaliforniya doğum qeydlərindəki məlumatları təhlil ediblər.

Ananın hamiləlik yaşı, doğum tarixi, irqi, etnik mənsubiyyəti, cins kimi parametrlər nəzərə alınıb.

Ətraf mühitin temperaturunun təsirini qiymətləndirmək üçün NASA-nın Şimali Amerika üçün gündəlik hava məlumatlarından istifadə edilib.

İsti aylarda - maydan sentyabra qədər - hamiləliyin hər həftəsi üçün temperaturun təsiri müəyyən edilib.

Ətraf mühitin temperaturu ilə ALL riski arasında ən güclü əlaqə hamiləliyin səkkizinci həftəsində, orta həftəlik temperaturun 30 dərəcə Selsi olduğu zaman aşkar edilib. Orta temperaturun 10 dərəcə Selsi olduğu dövrlə müqayisədə ALL riskinin iki dəfə artdığı müşahidə edilib.

Hamiləlik dövründə ətraf mühitin istiliyinə məruz qalma ilə ALL riski arasında əlaqənin əsasını hansı potensial mexanizmlərin təşkil edə biləcəyi hələlik aydın deyil.

Müəlliflər bunun qismən epigenetik dəyişikliklər, iltihab və ya oksidləşdirici stresslə bağlı ola biləcəyini düşünürlər.


Aysel