Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qurban bayramı öncəsi salmonella bakteriyası XƏBƏRDARLIĞI

  • 2024.06.05 18:42
  • 1212 Baxış
Qurban bayramı öncəsi salmonella bakteriyası  XƏBƏRDARLIĞI
Yay aylarının gəlişi ilə qida və içməli sudan keçən salmonella bakteriyaları müxtəlif infeksiya və epidemiyalara səbəb olur.

Medicina.az xəbər verir ki, türkiyəli Prof. Dr. Mehmet Ceyhan qarşıdan gələn Qurban bayramı ilə bağlı xəbərdarlıq edib.

Professor Qurban bayramında sağlamlığı qorumağın yollarını izah edib.

“Salmonella əslində çox yayılmış bakteriyadır. Çünki bir çox mənbədən ötürülür. Bu, ağlınıza gələ biləcək bir çox heyvanın nəcislərində olan bir bakteriyadır. Xüsusilə bu heyvanların əti istehlak edildikdə də ötürülə bilməsi böyük təhlükə yaradır. Bəzən su vasitəsilə ötürülür və böyük epidemiyalara səbəb olur. Bəzən də qida yolu ilə ötürülür və bir restoranın müştərilərini və ya həmin yeməyi istehlak edən bütün ailə üzvlərini xəstəxanalıq edir. Bu hallar xüsusilə yay aylarında daha çox olur”, - deyə professor qeyd edib.

Salmonella xəstəliyinin sosial problem olduğunu deyən professor risk altında olan qruplardan danışıb:

"Bəzi qruplar daha çox risk altındadır. 5 yaşa qədər uşaqlar, həyatın ilk ilində olan uşaqlar, xüsusən də ana südü ilə qidalanmadıqda risk altındadırlar. Yaşı 65-dən yuxarı olan və ya xroniki xəstəlik və ya dərman qəbuluna görə immuniteti zəifləmiş insanlar da risk qrupuna daxildir. Beləliklə, söhbət cəmiyyətin böyük bir təbəqəsindən gedir. Bakteriya digər insanları da yoluxdurur, lakin onlar adətən daha yüngül keçirirlər”.

Həkim bildirib ki, bütün dünyada hər il nə qədər insanın salmonella bakteriyasına yoluxduğunu göstərən dəqiq rəqəm yoxdur.

“Ancaq ABŞ-da hər il təxminən 1 milyon 350 min hadisə olur. Bununla bağlı 420 nəfərin öldüyü təxmin edilir. Bir çox hallarda diaqnoz qoyulmur və ya həkimə müraciət edilmir. Ona görə də bu, sosial problemdir”.

Həkim qeyd edib ki, bişirilmədən yeyilən tərəvəzlər və yaxşı bişirilməmiş ət başda olmaqla, lazımi təmizlik aparılmadan istehlak edilən bir çox qidadan salmonella keçə bilər:

“Bazarlarda satılan ət müəyyən yoxlamalardan keçir, lakin asanlıqla gözdən yayınan və hətta testlərdə belə aşkarlana bilməyən bir bakteriyadan söhbət gedir. Ona görə də nəzərə almalıyıq ki, təkcə Qurban bayramında kəsilən ətlər deyil, aldığınız ət, toyuq, balıq, yumurta kimi hər hansı məhsul salmonella ilə çirklənmiş ola bilər”.

Professor nəzərə çatdırıb ki, aşpazlar əti daha dadlı təqdim etmək üçün onu az bişirməyi məsləhət görə bilərlər, lakin bu, salmonella baxımından həmişə risklidir:

“Beləliklə, təkcə salmonella üçün deyil, həm də digər bakterial çirklənmələr üçün görülə biləcək ən yaxşı tədbir ət termometrindən istifadə etmək və ətin bişmə dərəcəsini onunla ölçməkdir. Ətin daxili temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Bu, orta və ya yaxşı bişmiş ət deməkdir”.

Xüsusilə yay aylarında ətin çox tez xarab olduğunu bildirən Prof. Dr. Mehmet Ceyhan çiy ətlərin piştaxtada maksimum 1 saat, bişmiş ətlərin isə maksimum 2 saat qala biləcəyini, daha uzun müddət qaldıqda çirklənmə riskinin yüksək olacağını vurğulayıb.

O, salmonella bakteriyasının 6 saat ilə 6 gün arasında inkubasiya dövrünün olduğunu, xəstəliyin ishal, qarın ağrısı və qızdırma ilə başladığını açıqlayıb.

Prof. Dr. Mehmet Ceyhanın Qurban bayramı ilə bağlı təklifləri isə bunlardır:

“Aldığınız qurbanlıq heyvanda və ya sizə gələn qurban ətində salmonella bakteriyasının olduğunu fərz edin. Çünki diri heyvanlar baytarlıq nəzarətindən keçir, amma baytar heyvanın ətinin hər yerində bakteriya olub-olmadığını yoxlaya bilmir. Ona görə də ət kəsildikdən sonra əl təmizliyinə fikir vermək, əl gigiyenasını təmin etmək lazımdır. İstifadə olunmuş alətlər dərhal təmizlənməlidir.
Qurban kəsilən yerlərdə bir qurbanı tamamlayıb ikinciyə keçərkən diqqətli olmaq vacibdir. Su və yuyucu vasitə ilə təmizlənmədən kəsim alətləri başqa heyvan üzərində istifadə edilməməlidir. Doğranarkən istifadə olunan taxtanın və bıçaqların təmizlənməsi vacibdir. Ancaq bütün bu qaydalara əməl edən neçə nəfər var? Ona görə də, hər ehtimala qarşı ətin salmonella ilə çirklənmiş olduğunu fərz etmək yoluxma riskinizi azaldacaq. Bişirərkən qeyd etdiyim temperaturalara diqqət edərək mümkün qədər yaxşı bişmiş ət istehlak etsəniz, təhlükə sizdən sovuşacaq”.


Aysel