Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanik kakao məhsullarında ağır metallar aşkarlandı

  • 2024.08.01 19:21
  • 1666 Baxış
Orqanik kakao məhsullarında ağır metallar  aşkarlandı
ABŞ-da kakao məhsullarında kadmium və qurğuşun aşkarlanıb.

Medicina.az xəbər verir ki, Corc Vaşinqton Universitetinin alimləri ABŞ-da satılan kakao məhsullarında əhəmiyyətli miqdarda ağır metalların olduğunu, xüsusilə qurğuşun və kadmium səviyyələrinin məqbul həddi aşdığını müəyyən ediblər.

Araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.

Mütəxəssislər səkkiz il ərzində tünd şokolad da daxil olmaqla, 72 müxtəlif kakao məhsulunu təhlil ediblər.
Onların potensial sağlamlıq risklərini müəyyən etmək üçün qiymətləndirmə zamanı qurğuşun, kadmium və arsen üçün icazə verilən maksimum dozalar əsas götürülüb.

Tədqiq olunan məhsulların 43 faizində qurğuşun səviyyəsi, 35 faizində isə kadmium səviyyəsi məqbul həddən yuxarı olub. Arsenikin isə məqbul qəbul edilən səviyyədə olduğu müəyyən edilib.

Maraqlıdır ki, ağır metalların yüksək səviyyələri “orqanik” məhsullar üçün xarakterik olub.

Bildirilib ki, bu qidaların bir porsiyası ciddi sağlamlıq riski yaratmasa da, müntəzəm istehlak və ya digər ağır metal mənbələri ilə kombinasiyası ciddi problemlərə səbəb ola bilər. Bu, xüsusilə tünd şokoladın populyarlığını və onun sağlamlıq üçün faydalarını nəzərə aldıqda daha da ciddi problemə çevrilir.

Tədqiqatçılar istehlakçıların orqanik kakao məhsulları ilə bağlı mümkün risklər barədə məlumatlı olmasının vacibliyini vurğulayırlar. Onlar qeyd edirlər ki, ağır metalların potensial təsirini minimuma endirmək üçün məhsul seçimində ehtiyatlı olmaq lazımdır.


Aysel