Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oksford Universitetindən xərçənglə mübarizədə qeyri-adi üsul

  • 2024.06.11 17:21
  • 873 Baxış
Oksford Universitetindən xərçənglə mübarizədə  qeyri-adi üsul
Elm adamları çox kiçik olan xərçəngli toxumaları görmək üçün istifadə edilən floresan boyaların xərçəngin təkrarlanma riskini azalda biləcəyini ifadə edirlər.

Medicina.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, Oksford Universitetinin alim və cərrahları tərəfindən Kaliforniya biotexnologiya şirkəti “ImaginAb Inc” ilə birgə hazırlanmış texnika “Cancer Research UK” tərəfindən maliyyələşdirilib.

Floresan boya xərçəng toxumasının çılpaq gözlə görünməyən kiçik sahələrini işıqlandırır və cərrahlara sağlam toxumanı qoruyaraq hər bir xərçəng hüceyrəsini çıxarmağa imkan verir. Bu, əməliyyatdan sonra daha az yan təsirlərin yaşanmasını mümkün edə bilər.

Tədqiqat çərçivəsində, prostat xərçəngi olan 23 kişi əməliyyat edilməzdən əvvəl onların xərçəngli hüceyrələri floresan boya ilə işarətlənib. Floresan boya xərçəng hüceyrələrini və onların çanaq və limfa düyünləri kimi digər toxumalara yayıldığı yerləri vurğulayıb. Əməliyyat zamanı prostat vəzinə və yaxın nahiyələrə işıq saçaraq prostat xərçəngi hüceyrələrini parlaq edən xüsusi görüntüləmə sistemindən istifadə edilib. Bu qədər təfərrüatı görə bilmək cərrahlara sağlam toxumanı qoruyaraq xərçəng hüceyrələrini tam çıxarmağa imkan verib.

Sözügedən texnikada floresan boya "IR800-IAB2M" kimi tanınan hədəf molekulu ilə birləşdirilir. Boya və marker molekulu prostat xərçəngi hüceyrələrinin səthində tapılan "prostat spesifik membran antigeni (PSMA)" adlı zülala bağlanır.

Tədqiqatda iştirak edən Oksford Universitetinin professoru. Dr. Freddi Hemdi bunun xərçəng hüceyrələrinin harada olduğunu və yayılıb- yayılmadığını görmək üçün cərraha “ikinci bir göz” verdiyininə diqqət çəkir:

“Bu texnika ilə şişdən yayılan və geri qayıda biləcək bütün xərçəngli hüceyrələri yox edə bilərik. İlk dəfə əməliyyat zamanı prostat xərçənginin bu qədər incə detallarını real vaxtda görə bildik. İdrar tuta bilməmə və erektil disfunksiya kimi yan təsirləri azaltmaq üçün prostatın ətrafındakı sağlam quruluşları mümkün qədər qorumağa müvəffəq olduq”.

Bu texnika hazırda yalnız prostat xərçəngi olan xəstələrdə sınaqdan keçirilsə də, xəstəliyin digər formalarına da uyğunlaşdırıla bilər. Mütəxəssislər ümid edirlər ki, floresan boyanın xərçəng hüceyrələrinə bağlandığı zülalı dəyişdirərək digər xərçəng növləri üçün də bu üsuldan istifadə etmək olacaq.

“Cancer Research UK”də Tədqiqat və İnnovasiyalar Direktoru Dr. Folkes qeyd edir ki, marker boyası və görüntüləmə sistemi gələcəkdə xərçəngin müalicə üsulunu "əsaslı şəkildə dəyişə" bilər.

Tədqiqatın təfərrüatları "European Journal of Nuclear Medicine and Molecular Imaging" jurnalında dərc olunub.


Aysel