Masaj bir çox xalqlarda hələ lap qədim vaxtlardan rahatlaşdırıcı və müalicəvi məqsədlə tətbiq edilən terapiya növüdür. Bu vasitə ilə bir çox xəstəliklərin simptomlarını yüngülləşdirmək, bədəni qüvvətləndirmək mümükündür. Bir sıra xəstəliklər zamanı iynə, dərman təyinatından əlavə, müalicə üsulu kimi masaj da təyin olunur.
Bədəndə bəzi nahiyələr var ki, bu yerlər bütün orqanları idarə edən sinirlərlə birbaşa əlaqəlidir. Həmin nahiyələrə qulaq, əl, ayaqları misal çəkmək olar. Sözügedən hissələrdəki nöqtələri masaj etməklə bütün orqanlara təsir etmək olar.
Medicina.az ayaqları masaj etməklə hansı orqanlara təsir etməyin mümkün olduğunu açıqlayır:
Ayaqların alt hissəsinə toxunuş çox xoş hisslər yaradır və bütün bədən üçün xeyirlidir. Masaj edildikdə, həmin zonada yerləşən bioloji aktiv nöqtələrə təsir göstərilir, bu isə orqanizmin çox sistemlərini normalaşdırır.
Ayaqları masaj etməyin xeyri:
— orqanizmi rahatlayıb, yuxusuzluqdan xilas edir;
— şişkinliyin çəkilməsini təmin edir;
— yorğunluğu aradan qaldırır;
— maddələr mübadiləsinin və dərinin nəfəs almasını yaxşılaşdırır;
— qan dövranını normallaşdırır;
— stressdən azad edir;
— immun sistemini möhkəmləndirir və s.
Bundan əlavə ayaqların altını masaj etməklə ağrılardan da azad olmaq mümkündür. Belə ki, sağ ayağın altını masaj edərək bədənin sağ nahiyəsində yerləşən ağciyər, böyrək, qaraciyər, öd kisəsi kimi daxili orqanlara, sol tərəfi masaj edərək reproduktiv sistemə təsir göstərmək mümkündür.
Əlavə olaraq ayaq barmaqlarının masajı gözlərə, qulaqlara, sağ pəncənin çöl tərəfinin masajı ağciyər və ürəyə, sol pəncənin çöl tərəfinin masajı isə mədəyə və dalağa yaxşı təsir göstərir. Hər iki pəncənin iç tərəfinin masajı onurğaya, orta hissə mədə, böyrəklər və bağırsaqlara, daban hissənin masajı isə sidik kisəsinə müsbət təsir edir.
Buna görə də, gün sonunda ayaqqabıları soyunduqdan sonra ayaqlarınızı masaj etməyiniz yorğunluğunu çıxararaq sizi rahatladacaq. Bunu bilincli etsəniz sizi narahat edən bir sıra problemlərdən də qurtulmuş olarsınız.
Arzu
Medicina.az