Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayağı sınan yaşlı insanlar, ayağı əyri, boyu qısa olanlar, diz ağrısından gəzə bilməyənlər üçün – Tanınmış travmatoloqdan 7 suala cavab

  • 2018.10.12 18:34
  • 32825 Baxış
Ayağı sınan yaşlı insanlar, ayağı əyri, boyu qısa olanlar, diz ağrısından gəzə bilməyənlər üçün –  Tanınmış travmatoloqdan 7 suala cavab
Medicina.az travmatoloq-ortoped Sənan Aşırovdan oxucuları maraqlandıran suallara cavablar alıb. Həkim bir çox problemlərdə hansı əməliyyat və müalicələrin effektiv olduğunu açıqlayıb. 

1.Boy uzatma əməliyyatı hansı yaşda, kimlərə olunur və necə aparılır?

Boy uzadılması əməliyyatını istənilən cins üçün, istənilən yaşda etmək olar. 30 yaşdan yuxarı xəstəmiz də olub, bir ayağı digərindən qısa idi, 5 sm uzatdıq. 

Xəstənin yaşına uyğun əməliyyat və müvafiq uzunluq seçilir, oynaqlara dəyilməmək şərtilə buddan və baldırdan uzadılır. 

Boy uzadılması üçün ideal yaş sümüklərin inkişaf dövrünü keçdikdən sonra, 20 yaşın üzəridir. Amma 30-35-a kimi də boy uzatma əməliyyatı edə bilirik.

10 sm-ə qədər sümük uzadıla bilir, heç bir əlavə sümük, süni nəsə istifadə olunmur. İlizarov aparatı qoyulur, hər gün millimetr qədəri ilə sümük uzanır, lazım olan ölçüyə çatandan sonra aparat çıxarılır.

2.Ayaqları çox əyri olan pasiyentlərin ayaqlarını düzləşdirmək şansı varmı və bu necə aparılır?

Ayaqların əyilməsi ən çox baldırda qeyd olunur.  Bu əməliyyatı ən çox qızlar etdirir. Bu da ya İlizarov aparatı ilə, ya da  içəridən sümüyün içinə xüsusi plastinkaların qoyulması ilə həyata keçirilir.

Həddən artıq çox əyilmiş ayaqları da əməliyyat edirik. Yenə də xəstə nə qədər tez, erkən yaşda, deformasiya az olan vaxtda müraciət etsə, o qədər yaxşıdır. Amma istənilən yaşda olan problemlərə baxırıq. Əyri ayaqlar istənilən halda düzəldilir. Aparat çıxarılandan sonra xəstə tam istədiyi kimi hərəkət edir. 

3.Yaşlı insanlarda oynaq, ayaq, diz ağrılarında müalicə, yoxsa əməliyyat?

Əgər, ağrı dərmanla keçirsə müalicə, uzun müddət dərman müalicəsi effekt vermirsə, əməliyyat olunur. Rentgen, MRT çəkimlərinə baxılır. Yaş fərqi yoxdur. 40 yaşdan 90 yaşa kimi oynaq protezlənməsi aparılır. 

Diz, ayaq ağrısına görə ağır ağrıkəsici və hormonal preparatlar qəbul etmək əksinə zərərlidir. Dərmanlar oynaqları, sümükləri zəiflədir. 

4.Əgər 80 yaşdan yuxarı yaşlı  insan yıxılıb ayağını sındırarsa, əməliyyat edib bitişdirmək və yenidən hərəkətini bərpa etmək mümkündürmü?

Biz 84 yaşında xəstəni əməliyyat etmişik, artıq gəzir. "Yaşlı adamdır, sümük bitişməz, əməliyyata dözməz, onsuz da öləcək” kimi düşünmək və əməliyyatdan imtina olmaz.

Yataq xəstəsi qalmaqdansa, əməliyyat olunması daha yaxşıdır. İndi tibb imkan verir ki, 90 yaşında da xəstənin sümüklərində əməliyyat aparaq. Bir həkim dostumuzun nənəsini 104 yaşında əməliyyat etdilər. Bu əməliyyatlarda biz sümüyü bitişdirmirik, onu çıxarıb, yeni protez oynaq yerləşdiririk. Əsas odur xəstə ayağa qalxır. 

5.Qəzalarda ayağı, əli, qolu tam qopanların xilası mümkündürmü?

Əgər əl-ayaq tam qopubsa, 2 saatdan tez çatdırılmalıdır. Qəzalarda tam qopan ayaq və əli yerinə tikib əməliyyat etmişik. 

Hazırda çox effektiv, görünüşü canlıdan fərqlənməyən protezlər də istehsal olunur. Əməliyyatla bərpa mümkün olmadıqda, protez taxıla bilər. 

6.Bəs çox ağır kilolu,  150 kiloqram çəkili insanın ayağı sınarsa, əməliyyatı mümkündürmü?

Bəli, 204 kilo çəkili pasiyenti əməliyyat etmişik. Çox riskli əməliyyatlardır, amma məcburi etməliyik. 

7.Körpələrin anadangəlmə ayaq əyriliyində nə zaman əməliyyat olunmalıdır?

Doğulandan 1 ay sonra əməliyyata gəlməlidir. Gecikdikcə sümük bərkiyir. Böyüyəndə əyri ayaqlarından əziyyət çəkən gənclərin psixoloji zərbə almaması üçün valideynlər uşaq doğulan kimi ayaqların problemlərini həll etməlidir. Bu zaman əməliyyat daha asan, uğurlu və problemsiz olur. 

AYGÜN MUSAYEVA