Avstraliya hökuməti koronavirusa qarşı peyvəndlərin hazırlanması prosesinə 88 milyon ABŞ dollarından çox sərmayə qoyacaq.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Qreq Hant məlumat verib.
“Avstraliya hökuməti COVAX beynəlxalq mexanizminə qoşulub, yəni mövcud olduğu zaman COVID-19 peyvəndləri almaq imkanımız olacaq. Razılaşmaya əsasən, Avstraliya bu mexanizmdə iştirak etmək üçün 123,2 milyon Avstraliya dolları (88,7 milyon ABŞ dolları) ayıracaq və bu, o deməkdir ki, peyvəndlər mövcud olduqda onların satınalınması üçün təkliflər ala biləcəyik”, - nazirin açıqlamasında deyilir.
Q.Hant həmçinin bildirib ki, hökumətin bu qərarı peyvənd əldə edilməsi üçün Oksford Universiteti (Böyük Britaniya) və Kvinslend Universitetinin (Avstraliya) alimləri ilə birlikdə peyvənd hazırlayan Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” ilə artıq imzalanmış müqaviləyə zəmanət xarakterli əlavə tədbirdir. O, COVAX mexanizmində iştirakın Avstraliyanın istənilən təhlükəsiz və effektli peyvəndə çıxışını təmin etmək strategiyasının vacib bir hissəsi olduğunu söyləyib.
Qeyd edək ki, COVAX mexanizmi bütün ölkələr üçün təsirli peyvənd axtarışını sürətləndirməyə istiqamətlənib. Məqsəd 10-dan çox fərqli peyvəndə investisiya yatırmaq və bazara girdikləri zaman onlara ədalətli və bərabər çıxış təmin etməkdir. Layihə Qlobal Peyvənd və İmmunlaşdırma İttifaqı (GAVI), Epidemiyalara Hazırlıq İnnovasiyası Koalisiyası (CEPI), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), eləcə də peyvənd istehsal edən transmilli şirkətlər tərəfindən idarə olunur.