Həkimlərin alkoqolun ziyanı barədə xəbərdarlıqlarına baxmayaraq, avropalılar içməyi azaltmayıblar. Bu barədə Dünya Səhiyyə Təşkilatından (DST) həyəcanla xəbər verirlər. Avropa İttifaqına üzv ölkələrdə, həmçinin Norveç və İsveçrədə 15 yaşından yuxarı hər adambaşına həftədə iki şüşədən artıq şərab düşür. Lakin bu, orta göstəricidir. Əgər içki qəbul etməyənləri çıxsaq, o zaman hər adama 3 şüşə düşür. Həkimlərin fikrincə, bu həcmdə spirtli içki sağlamlıq üçün təhlükəlidir.
Medicina.az bu barədə DST-yə istinadla xəbər verir.
DST-nin Avropa bürosunun himayədarlığı ilə 2012-2020-ci illərdə alkoqoldan sui-istifadə səviyyəsinin azaldılması üzrə fəaliyyət Planı qəbul edilib. Lakin ekspertlərin qeyd etdiyi kimi, bu, Avropanın 30 ölkəsində əyyaşlığın miqyasının gözəçarpan dərəcədə azalmasına gətirib çıxarmayıb. Regionda alkoqol içkilərinin həddən artıq qəbulu nəticəsində ildə 290 min nəfər dünyasını dəyişir.
Avropa İttifaqında alkoqolizm problemi, ilk növbədə, kişilərə aiddir. Bu ölkələrdə kişilərin 47 faizi və qadınların 14 faizi spirtli içkilərdən sui-istifadə edir. Aİ-də alkoqol ümumilikdə, bütün ölüm hallarının 5,5 faizinə səbəb olur və gənclərin ölümündə başlıca amillərdən biri hesab edilir.
"Bir neçə il bundan əvvəl alkoqoldan istifadənin miqyası əksər Avropa ölkələrində bir qədər azalmışdı, lakin sonrakı irəliləyiş praktik olaraq yoxdur”, - deyə DST-nin Avropa bürosunun rəhbəri Jujanna Yakab bildirib. O, hökumətləri daha qətiyyətli hərəkət etməyə, xüsusilə, spirtli içkilərin qiymətlərini qaldırmağa və onların reklamına qadağa qoymağa çağırıb.
DST ekspertləri xatırladırlar ki, alkoqol psixoaktiv maddədir və insan sağlamlığına ziyan vura, xərçəngə, qaraciyər sirrozuna və ürək-damar xəstəliklərinə gətirib çıxara bilər. Həmçinin sərxoş vəziyyət ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə, intihar və zorakılıq hallarına səbəb olur.