Avropada son günlər qripə bənzər soyuqdəymə xəstəliyi geniş yayılıb.
Medicina.az xəbər verir ki, ““Super qrip” adlandırılan bu xəstəlik koronavirusa bənzər simptomlara malik olsa da, PCR testlərinin cavabı mənfi çıxır.
Bildirilir ki, İngiltərədə hazırda yayılan bu xəstəlik soyuqdəymə, qrip, öskürək və nəfəs almaqda çətinlik kimi simptomlara sahibdir.
Sözügedən xəstəliyə yoluxanlar isə əsas olaraq 15-44 yaş aralığında olan şəxslərdir. “Super qrip”ə yoluxan şəxslərdə öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu duyğularının itməsi halları müşahidə edilir. Bu xəstəliyə yoluxan bəzi şəxslər günlərcə yataqdan çıxa bilmirlər.
Kardiff Universitetinin direktoru professor Ronald Ekkls hazırda yayılmağa davam edən bu virusun respirator sinsitial virus (RSV) olduğuna inanır. “RSV”yə yoluxan insanların əksəriyyətində soyuqdəyməyə bənzər simptomlar olur. Lakin bu virus iki yaşdan az uşaqlarda və yaşlılarda daha ciddi xəstəliklərə səbəb ola bilir.
“RSV” ilə bağlı problemlərdən biri yüksək dərəcədə yoluxucu olmasıdır. Belə ki, sözügedən bu virus öskürmə və asqırma yoluyla insanlara keçsə də, koronavirusdan fərqli olaraq əllər və səthlər vasitəsilə də yayılır.
Professorun sözlərinə görə, aylardır davam edən karantin rejimi insanların soyuqdəyməyə səbəb olan viruslara qarşı immunitetini azaldıb.
“Adətən, günlük və həftəlik olaraq bu virusların təsirinə məruz qalırıq. Lakin hazırda bir ildir məşq etməyən idmançıya bənzəyirik. Ani olaraq bu virus peyda oldu və immunitet sistemimiz buna həddən çox reaksiya verir”, - deyə o qeyd edib.
Bildirilir ki, bir çox yoluxma halı ağrıkəsici və istirahət ilə müalicə edilə bilər.