Fevralın 1-də Danimarka koronavirus pandemiyası ilə əlaqədar əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətləri ləğv etdi və bunu edən ilk Avropa ölkəsi oldu. Hökumət rekord sayda yeni yoluxma hallarına baxmayaraq, bu addımı atdı.
Medicina..az xəbər verir ki, hakimiyyət orqanları iki amilə güvənir: birincisi, Danimarka əhalisinin immunizasiya səviyyəsinin yüksək olması, ikincisi isə insanların "omikron" ştamından əvvəlki mutasiyadan daha asan sağalması.
Danimarka hökuməti koronavirus məhdudiyyətlərini aradan qaldırmaq üçün ilk cəhdini keçən payızda edib. Ölkə sakinlərinə maskalardan və COVID-19 pasportlarından imtina etməyə icazə verilsə də, sonra yenidən bütün sanitar normalara riayət etmələri tələb olundu. Danimarka bu dəfə hər kəsin öyrəşdiyi yeni köhnə həyatın başlanğıcını qeyd etməyə hazırlaşır.
Bar və restoranların işinə qoyulan məhdudiyyətlər aradan qaldırılacaq, gecə klublarında artıq ziyarətçilərin sayına nəzarət tələb olunmayacaq. Statistikaya görə, danimarkalıların 60 faizdən çoxu 3 doza peyvənd olunub. Digər Avropa ölkələrində bu rəqəm 45 faizi ötmür.
Roskilde Universitetinin epidemioloqu Lone Simonsenin sözlərinə görə, "omikron" ştamı peyvənd olunmuş insanlar tərəfindən asanlıqla məhv edilir, ona görə də məhdudiyyətləri aradan qaldırmaq ağıllı qərardır. Bundan əlavə, "omikron"un geniş yayılması həm də etibarlı və uzunmüddətli immunitetə gətirib çıxaracaq ki, bu da ölkənin sonrakı dalğaları mülayim keçirməsinə kömək edəcək.
Danimarka hökumətinin yürütdüyü siyasi xətt krallığın əhalisi tərəfindən dəstəklənir. “Politiken” qəzeti yazır ki, sorğuda iştirak edən danimarkalıların 64 faizi hökumətin atdığı addımların düzgün olduğuna inanır. İndi COVID-19 testinin cavabı pozitiv çıxanların 4 gün evdə qalması tövsiyə olunur. Yoluxmuş insanlarla təmasda olanların artıq karantinə ehtiyacı yoxdur. Maskanı yalnız xəstəxanalara gedəndə taxmaq lazımdır.
Avropa normal vəziyyətə qayıdır
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ilin yanvar ayından etibarən Avropa əhalisinin 73 faizi koronavirusa yoluxub. Ötən ilin noyabrından sürətlə yayılan "omikron" ştamı mart ayına qədər Avropa sakinlərinin 60 faizini COVID-19-a yenidən yoluxmaq təhlükəsi ilə üz-üzə qoysa da, Danimarkanın ardınca ayrı-ayrı Avropa dövlətlərinin hökumətləri məhdudlaşdırıcı tədbirləri ləğv etmək barədə düşünürlər. Bu barədə ilk danışan Britaniya, Fransa və İrlandiyanın hakimiyyət orqanları olub. Peyvəndin yüksək göstəriciləri də bunun lehinə danışır.
Böyük Britaniya
Baş nazir Boris Conson Böyük Britaniyanın ən mütərəqqi hökumət olduğunu sübut edib. 2020-ci ilin yazında karantin zirvəsində olan "Downing Street" partiyası qalmaqalı fonunda, Conson bütün məhdudiyyətlərin tezliklə aradan qaldırılacağını elan edib: maska və onlayn iş artıq ləğv edilib, iaşənin sərbəst işləməsinə icazə verilib, konsertlər və futbol matçlarında sənədləri yoxlamaq tələbi qaldırılıb, yaşlıları ziyarətə icazə verilib.
İrlandiya
İrlandiya hakimiyyəti də oxşar siyasətə riayət edəcək. Demək olar ki, bütün məhdudiyyətlərdən imtina etmək qərarına gəliblər. Restoran və pivəxanalar əvvəlki qaydada fəaliyyət göstərə biləcək. Küçələrdə və binalarda sosial məsafənin qorunması ilə bağlı tələblər ləğv edilib.
Fransa
Fransa hökuməti sanitar tədbirlərin yalnız bir hissəsindən imtina etmək qərarına gəlib. Birinci mərhələ bu gündən başlayır - küçədə tibbi maskaların məcburi taxılması ləğv edilir, kütləvi tədbirlərdə, konsertlərdə və idman turnirlərində tamaşaçı sayına qoyulan məhdudiyyətlər aradan qaldırılır. Fransızlar da uzaqdan işlə vidalaşacaqlar.
Məhdudiyyətlərin aradan qaldırılmasının ikinci mərhələsi fevralın 16-da baş tutacaq. Daha sonra gecə klubları açılacaq, stadionlara və kinoteatrlara yemək və içkilərin gətirilməsinə icazə veriləcək.
Niderland
Yanvarın 26-dan Niderland hakimiyyət orqanları COVID-19-a qarşı məhdudiyyətlərin bir hissəsini yüngülləşdirmək qərarına gəlib: barlar və restoranlar, muzeylər, teatrlar və kinoteatrlar yenidən açılır. Lakin onların iş saatları qısaldılacaq - saat 22:00-a qədər. Ziyarətçilər ora peyvənd pasportu və ya xəstəlik sertifikatı təqdim etməklə gedə biləcəklər, mənfi PCR testi də uyğundur.
Həmçinin, Niderland sakinləri yenidən kütləvi tədbirlərdə iştirak edə biləcəklər, lakin onların sayı 1250 nəfəri keçməməlidir.
Avstriya
Avstriyada qismən məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsinə qərar verilib. Fevralın 5-dən mağaza və iaşə obyektlərinin iş saatları artırılacaq. Fevralın 12-dən etibarən sakinlər peyvənd pasportu və ya COVID-19-a yoluxma sertifikatı təqdim etmədən mağazalara sərbəst baş çəkə biləcəklər.
Fevralın 1-dən Avstriyada məcburi peyvəndlə bağlı yeni qanun işə düşüb. Martın 15-nə qədər heç olmasa, 1 dəfə peyvənd olunmayanları 600 avro cərimə gözləyir. /publika.az/