Avaskulyar nekroz bəlkə də bir xəstənin dünyada eşidə biləcəyi ən ağır, ümidsiz diaqnozlardan biridir. Əvvəllər yaşlı və xəstə insanlarda çox rast gəlinirdi, indi isə xəstəlik 25-30 yaşlı, daha çox kişiləri qəfil yaxalayır. Əslində, oynaq başının nekrozu birdən başlamır, illərlə davam edir, gizli gedir.
Medicina.az Azərbaycanda ilk Ağrı Mərkəzlərindən birinin rəhbəri, ağrı və kök hüceyrə mütəxəssisi, anestezioloq həkim Vüsal Eyvazovun oynaq başının çürüməsi olan xəstələrə maraqlı müalicə metodu barədə müsahibəsini təqdim edir. Qeyd edək ki, həkim bu yaxında əsgərlikdə olan 19 yaşlı hərbçimizdə bu diaqnozu aşkarlayıb və müalicə edib.
19 yaşlı gəncin oynaq başı sümüyünün çürüməsi açığı məni şoka saldı
- Vüsal doktor, ilk növbədə oxuculara çox sadə dillə izah edək: nədir bu avaskulyar nekroz? Oynaqların baş hissəsi niyə çürüyür, niyə dağılır və insanı bu zaman nələr gözləyir?
- Avoskulyar nekroz, oynaqlarda çürümə – istənilən oynaq başında, daha çox bud çanaqda rast gəlinir. Az hallarda çiyin oynağında rast gəlinir. Normalda bildiyimiz kimi bizim oynaqlarımız sinovial mayedən qidalanır, oynaqlarda qan dövranı olmur. Bir tək bud oynağında bud sümüyündə arteriya damarı var. Bu arteriya bud oynağını qidalandırır. Məhz bu arteriyanın zədələnməsi və ya tutulmaları nəticəsində oynağın qanla qidalanmasının dayanması orda nekroza, çürüməyə səbəb olur. Qaralma gedir, belə deyək, normal toxumanın sıradan çıxıb ölü toxumaya çevrilməsi baş verir.
İlk vaxtlarda xəstə bunu hiss etmir, amma bir neçə il keçdikdən sonra ağrılar başlayır, getdikcə şiddətlənir. Çox zaman revmatizmdən şübhələnirlər, beli müalicə edirlər, onurğada yırtıq axtarırlar. Təsadüfi müayinə nəticəsində oynaq başı MRT olunarsa, orda çürümə aşkarlanır. Çox pasiyentlərimizdə gedişat belə olub və düzgün diaqnoz elə təsadüfən aparılıb.
- Qeyd etdiniz ki, xəstəlik çox cavanlaşıb. Neçə yaşda xəstələriniz olub və bu xəstəliyin yaranma səbəbləri nədir?
- Bizim ağrı mərkəzimizə bu diaqnozla son 1 ildə müraciət edən ilk gənc xəstəm 32 yaşında idi. Daha sonra 36, 28-26 yaşlarında xəstələr olub. Ən son isə bizim hamımızı şoka salan və məni həkim kimi təəssüfləndirən 19 yaşlı oğlan oldu.
Onun xəstəlik tarixçəsi çox maraqlıdır. Bu yaşda belə bir oynaq nekrozu yaşamaq tibdə nadir görülür. Gənc yaşlarda bunun olması cəmiyyətin problemidir. Bəlkə də neçə-neçə belə gənc və yeniyetmədə artıq bu problemlər başlayır. Buna valideynlər fikir vermir. Elə bilir sümük əzələ ağrısıdır. Bəzən də deyirlər boyun artır ona görə budun ağrıyır. Bunlar yanlışdır.
Bu xəstəliyin tibdə bilinən səbəbləri və kimlərdə daha çox görülə bilər:
- Böyrək xəstəliklər olan insanlarda
- Çox ağır travma, qəza alanlarda
- Qəfil yıxılma, bud sümüyü üzərinə yıxılma nəticəsində
– hətta illər öncə baş veribsə. Yıxılma zamanı budda oynaq kəskin dartılır, oynaq başı və çuxur arasında olan damar qırılır. Damar qırıldısa, bərpa olmayacaq. Necə ki, dişdə sinir çıxarılanda, yaxın 5 ildə həmin dişin qidalanması pozulduğuna görə çürüyəcək. Oynaq başında da eyni proses gedir.
- Vərdişi, anadangəlmə oynaq çıxıqları olanlarda
- Uzun müddət hormonal dərmanlar, daha çox prednizalon tərkibli dərmanlar qəbul edən insanlarda.
Revmatizm, dağınıq skleroz, revmatoid poliartrit xəstələri məcburi olaraq böyük dozalarda hormonal ağrıkəsicilər qəbul edirlər. Bu dərmanlar bud arteriyasında okkluziya verir, nəticədə oynaq başı çürüyür.
- Xroniki alkoqolizm – çox spirtli içki içənlərdə damarlar, arteriyalaı tutulur.
- Anadangəlmə anatomikolaraq bud baş hissəsi oma çuxurunda düzgün yerləşmir, assimmetrik yerləşir Bu uşaqlarda müəyyən yaş dövlərində damar qidalanması pozulduğu üçün nekrozlara gətirib çıxarır
- Çox üzücü haldır ki, 19 yaşlı xəstəmizdə olduğu kimi heç bir səbəb tapılmaya da bilər. Ola bilər idman zamanı düzgün ağırlıq qaldırmayıb, ya yıxılıb, ya gənclərlə mübahisə ediblər, kimsə oynağa möhkəm ayaq zərbəsi vurub, ola bilər xəstə unudur ya demək istəmir. Bütün bunlar təsir edir. Sadəcə insan özü buna anlam vermir.
Bud çanaq oynaqları çox həssasdır, asanlıqla yerini dəyişə bilər, arteriyası zədələnə bilər. Bu səbəbləri ona görə deyirik ki, insanlar travma və zərərli vərdişlərdən uzaq dursunlar, vaxtında profilaktika tədbiri görsünlər və bud çanaq oynaqlarını qorusunlar. Yıxıldım, əzildim bir iki gün ağrıdı, düzəldi keçdi getdi, deyə düşünməyin. Yoxlanın.
Travmadan sonrakı 1-2 ildən sonra eyni yerdə bud oynaq ağrısı ilə üzləşsələr, birbaşa həkimə müraciət etsinlər. Ağrı mərkəzimizə və yaxud ən azı peşəkar travmatoloqa gedib bud çanağın rentgeni və MRT-ni etdirsələr, yaxşı olar. Rentgendə bud baş hissədə boşalma, çökmə, arı pətəyinə bənzəyən sümük toxuması görülürsə, deməli orda nekrozlaşma gedir.
Çox güman ki, oğlan elə oynaq başı nekrozu ilə hərbi xidmətə gedib
və ordakı rejimə, tapşırıqlara oynaq dözməyib
- Əsgərlikdə olan 19 yaşlı gəncin başına gələnlər barədə nə deyə bilərsiz? Səbəb tapılmadı, amma nekroz var. Necə oldu ki, məhz hərbi xidmətdə bu baş verdi?
- 19 yaşlı gənc xəstəmizdə sadalanan səbəblərdən heç birini aşkarlamadıq. Mən bu xəstəliyin yayılmasında müasir zərərli qidalanmanın üzərində dayanıram. Valideynlərə və gənclərə bir daha tövsiyə edirəm ki, normal, təbii ev yeməkləri yesinlər. Meyvə-tərəvəz, zülal qəbuluna fikir versinlr. Zərərli içkilər içməsinlər. Fast fooddan, küçədə satılan dönər və s qidalardan uzaq dursunlar. Broyler, antibiotik və hormonlarla yetişdirilmiş toyuq və ət məhsullarından bacardıqca az yesinlər. Zərərli yağlar, konservləşdirilmiş məhsullar arterial damarları tutur, bu zaman bud arteriyası da tutula bilər. Qidalanma və rejimə diqqət yetirin.
19 yaşlı xəstəmizin ağrıları hərbi xidmətdə olarkən başlayıb. Valideynlərinin dediyinə görə, heç vaxt travma almayıb, yanaşı gedən xəstəliyi yoxdur. Hərbi xidmətdə müəyyən tapşırıqları icra edərkən görünür, oynaqları daha çox zədələnib və xəstəlik özünü büruzə verdirib. Çox güman ki, oğlan elə oynaq başı nekrozu ilə hərbi xidmətə gedib və ordakı rejimə, tapşırıqlara oynaq sadəcə dözməyib. Əsgərin ciddi ağrıları başlamışdı, bir neçə dəfə hospitalda yatıb, amma avoskulyar nekrozdan şübhələnməmişdilər. İş o yerə çatdı ki, oğlan dayandığı yerdə yıxılıb.
Öncə atası müraciət etdi ki, oğlum gəzə bilmir artıq, heç kim dərdini tapa bilmir. İlk növbədə rentgen şəklinə baxan kimi oynaqda nekrozdan şübhələndim və necə olursa-olsun mütləq MRT etdirmələrini tapşırdım. Onlar MRT cavabı ilə gələndə artıq avoskulyar nekroz açıq-aydın görünürdü. Mən diaqnozu qoydum, dərhal əsgər hərbi xidmətdən tərxis edildi və təcili müalicəyə göndərildi.
Travmatoloqlar bu hallarda ancaq protezlənmə əməliyyatı məsləhət görür. Amma valideynlər bunu istəmədi. Biz də tövsiyə etdik ki, bu qədər gənc yaşda oynaqların protezlənməsi arzu olunan deyil. Çünki oynaq protezləri nə qədər uğurlu icra edilsə də 10 ildən sonra sıradan çıxa bilər və ona 100%-lik ömürlük zəmanət yoxdur. Bir var 60-70 yaşlı insana süni bud oynağı qoyasız, o xəstələr ondan sonra zatən 10-20 il yaşayacaq və oynaq uzun müddət xidmət edəcək. Bir də var 19 -20 yaşlı uşaq. Hansı ki, qarşıda 50 il ən azı ömrü var. Təsəvvür edin, bu insan aktiv həyat sürəcək, 10-20 ildən sonra yenidən əməliyyatla təzə protez qoyulmalıdır. Bildiyimiz kimi bu əməliyyat heç də ucuz və asan deyil. Bir insan ömrü boyu neçə dəfə belə ağır əməliyyata girməlidir?
Bu kimi məqamları mən də, valideynləri də nəzərə alaraq, ilk öncə kök hüceyrə qərarı verildi. Faydasını görsə, kök hüceyrə oynağı bərpa etsə, bu artıq ömürlükdür. Əsgərimizin hər iki bud oynağına kök hüceyrə köçürdük. İndi evdədir, artıq hərbi xidmətdən də tamamilə tərxis olundu, çünki artıq hərbə yaramır. Hazırda istirahət rejimindədir, danışırıq, nəzarətdədir.1 aya nəticə məlum olacaq.
Oynaqda çürümə baş verdisə, burda nə türkəçarə, nə dərman,
nə fizioterapiya, nə masaj heç bir şey təsir etmir, buna vaxt sərf etməyə də dəyməz.
- Budun içindəki arterial damar qırılanda, zədələnəndə MRT-də görünürmü? Və bu arteriyanı bərpa etmək mümkündürmü?
- Kontrast MRT etdikdə bəli, görünür. O, arteriyanı heç bir üsulla bərpa etmək, iynə dərmanla müalicə etmək qeyri -mümkündür. Yeganə yol kök hüceyrədir.
Bəli, kök hüceyrə həm qığırdaq yarada bilər, həm sümüyün destruksiyasını bərpa edə bilər, həm də damarı bərpa edə bilər. Bu necə baş verir. Biz qarında dərialtı piy toxumasından kök hüceyrə alanda həm də qan damarlarının ətrafından da hüceyrələri götürürük. Bizim özəlliyimiz də budur.
Biz eyni yerdən eyni tip kök hüceyrələr götürmürük. bacardıqca çox müxtəlif kök hüceyrələr toplayırıq. Bunu da xüsusi filtrlərdən keçirməklə alırıq. Bununla kök hüceyrə 3 istiqamətdə işləyir. Bizim istiqamətimiz bir dəfədə bir neçə problemi həlletməkdir və buna da nail oluruq.
19 yaşlı xəstəmizdə tezliklə gəzəcək də, gələcəkdə işləyəcək də, evlənəcək də. Bu vaxta kimi gənc yaşda xəstələrimizdə bud oynaqlarının aveskulyar nekrozunda icra etdiyimiz kök hüceyrə əməliyyatlarımız uğurla nəticələnib.
Təəssüf ki, bu gün aveskulyar nekrozlu xəstələr ilk öncə travmatoloqlara müraciət edilir, onlar da birmənalı olaraq protezlənmə təklif edirlər. Xəstələr də kök hüceyrəni bilməyənlər buna ya razılaşır, ya da imtina edib dəhşətli ağrılarla dolu həyata davam edir.
Oynaqda çürümə baş verdisə, burda nə türkəçarə, nə dərman, nə fizioterapiya, nə masaj heç bir şey təsir etmir, buna vaxt sərf etməyə də dəyməz.
- Doktor, belə demək olar ki, travmatoloqlar hələ də kök hüceyrəyə isti baxmır, tövsiyə etmir. Niyə hələ də travmatoloqlar ağrı və kök hüceyrə mütəxəssislərinin olması ilə barışmırlar?
- Əslində, travmatoloqlar öz protokollarına görə oynaqda çürümə varsa, mütləq əməliyyat lazımdır deməklə öz sahələrinə görə düzgün edirlər. Amma axı bilirlər yeni kök hüceyrə metodu var.
Bir çox travmatoloqlar öz xəstələrində də görüblər ki, xəstə əməliyyatdan imtina etdi, getdi kök hüceyrə oldu və yaxşılaşdı. Azərbaycanda oynaqlara məndən başqa uğurlu kök hüceyrə əməliyyatı edən ikinci həkim yoxdur. Əgər geniş yayılsaydı, travmatoloqlarımız bu işi icra edə bilsələr, özləri xəstəni əməliyyat yox, kök hüceyrə edərdilər. Çünki az məsuliyyətlidir, daha yaxşı nəticə alınır. Protezi etdilər, birdən uğursuz oldu, nə edəcək. Xəstəyə nə cavab verəcək? Alınmadı vəssəlam. Bu protezlə də ömrünün axırına kimi əlil kimi gəzəcək.
Neçə travmatoloq dostlarımız yarızarafat deyir ki, Vüsal imkan ver, biz də işləyək. Amma elə travmatoloqlar var ki, onları inandıra bilmişəm. Onlar ciddi əməliyyatlıq xəstələrini göndərirlər. Mən onlara rentgenin əvvəlki sonrakı vəziyyəti ilə sübut etmişəm ki, baxın, deyirdiz orda qığırdaq yarana bilməz, yarandı axı.
Müasir, elmli, xəstəni düşünən travmatoloq xəstəyə seçim imkanı verər. Çünki bilir ki, endoprotez ən son mərhələdir. Zatən hər xəstəni də kök hüceyrə etmirik. Elə xəstələr olub artıq 4-cü mərhələdədir, oynaq tamam məhv olub, onu məcburi əməliyyata özüm göndərmişəm.
Son 2 ildə 120-dən çox kök hüceyrə etmişəm, 90% -də uğurlu alınıb. Gec sağalanlar olub, onlar da gecikmiş xəstələr idi. Hələ heç bir fayda görməyən xəstəmiz olmayıb. Amma təəssüf ki, hələ də “kök hüceyrə nədir, o həkim nə danışır, boş –boş şeylərdir” deyib xəstələri bundan məhrum edən həkimlər var, olacaq.
Mən bunlara baxmayaraq, əksinə mərkəzimizi və işimizi daha da gücləndirəcəm, Kök hüceyrənin Azərbaycanda təyinatını daha da genişləndirəcəm.
Aygün Musayeva
Medicina.az
Ağrı Mərkəzinin ünvanı:
Babək prospekti, Bakı Medical Plaza
Əlaqə telefonu: 077 311 88 66
Daha ətraflı məlumat üçün www.vusaleyvazov.az