Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" ictimai birliyinin təşkilatçılığı ilə "Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların valideynləri ilə işin təşkili" layihəsi çərçivəsində növbəti təlim 6 avqust 2023-cü il tarixində “Loqoritmika Reabilitasiya və İnkişaf” Mərkəzində baş tutdu.
Medicina.az xəbər verir ki, birliyin sədri Xanım İsazadə layihə haqqında iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, layihənin məqsədi autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların inkişafını dəstəkləməkdir. Bu məqsədlə, həssas qrupdan olan uşaqların valideynlərinə “Pozitiv valideynlik” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlimçi təcrübəli psixoloq-loqoped Vüsalə Əhmədova valideynlərə övladları ilə sağlam ailə münasibətləri haqqında geniş məlumat verib.
Əlavə olaraq, əqli geriliyi və Psixi İnkişaf Ləngiməsi olan uşaqlarla necə davranılmalı qaydaları haqqında məlumat verib. O qeyd edib ki, həm əqli geriliyi olan uşaqlarla, həm də Psixi İnkişaf Ləngiməsi olan uşaqlarla təlim prosesində müəllimin başlıca məqsədi, uşağın təfəkkürünü fəallaşdırmaq, onlara anlaşıla biləcək qədər düşünməyi, həmçinin müraciət etməyi öyrətməkdən ibarət olmalıdır. Müəllim sadəcə öyrətməklə kifayətlənməyib, öyrətdiyi bilikləri daim təkrarlamalı, uşaqların beynində möhkəmləndirməlidir. Bilik, bacarıq və vərdişlər müəllim tərəfindən möhkəmləndirilməli və uşaqlara onlardan müxtəlif cür istifadə etməyin yolları öyrədilməlidir.
Təlim sonunda Vüsalə Əhmədova valideynlərin suallarını cavablayıb.
Sonda, birliyin sədri Xanım İsazadə layihə üzrə təlimdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Valideynlərə sertifikat təqdim olundu və xatirə şəkli çəkildi.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində davamlı olaraq təlimlər keçiriləcəkdir.