Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Autizm və daun sindromlu uşaqlara dəstək layihəsinə başlanıldı - FOTO

  • 2023.08.03 21:19
  • 1471 Baxış
Autizm və daun sindromlu uşaqlara dəstək layihəsinə başlanıldı -  FOTO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" ictimai birliyinin təşkilatçılığı ilə "Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların valideynləri ilə işin təşkili" layihəsi çərçivəsində ilk təlim 3 avqust tarixində “Loqoritmika Reabilitasiya və İnkişaf” Mərkəzində baş tutdu.



Medicina.az bildirir ki, birliyin sədri Xanım İsazadə layihə haqqında iştirakçıları məlumatlandırıb.


Qeyd edək ki, layihənin məqsədi autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların inkişafını dəstəkləməkdir. Bu məqsədlə, həssas qrupdan olan uşaqların valideynlərinə “Pozitiv valideynlik” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimçi təcrübəli psixoloq-loqoped Vüsalə Əhmədova valideynlərə övladları ilə sağlam ailə münasibətləri haqqında geniş məlumat verib.


Vüsalə Əhmədova bildirib ki, Daun sindromu 21-cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Həmçinin o, daun sindromlu uşaqlarda dil, idrak, özünəyardım və ünsiyyət qurma ilə bağlı qabiliyyətləri öyrətmək, onların lazımi hərəkətlər üçün müvafiq idman məşğələlərini həyata keçirmək lazım olduğunu bildirib. Təlim fəaliyyəti zamanı tapşırıqların mərhələlər üzrə tədrisi, keçirilən dərslərin təkrarlanaraq möhkəmləndirilməsi vacibdir. Davamlı təlim, ətrafdakı insanların müsbət münasibəti, həvəsləndirici ev mühiti belə uşaqların inkişafına yardım edən amillər sırasında olduğunu da qeyd edib. Təlim sonunda Vüsalə Əhmədova valideynlərin suallarını cavablayıb.


Sonda, birliyin sədri Xanım İsazadə layihə üzrə təlimdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Valideynlərə sertifikat təqdim olundu və xatirə şəkli çəkildi.


Məlumat üçün bildirək ki, layihə çərçivəsində davamlı olaraq təlimlər keçiriləcəkdir.