Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" ictimai birliyinin təşkilatçılığı ilə "Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların valideynləri ilə işin təşkili" layihəsi çərçivəsində növbəti təlim 8 avqustda “Loqoritmika Reabilitasiya və İnkişaf” Mərkəzində baş tutdu.
"Medicina" xəbər verir ki, birliyin sədri Xanım İsazadə layihə haqqında iştirakçıları məlumatlandırıb.
Qeyd edək ki, layihənin məqsədi autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların inkişafını dəstəkləməkdir.
Bu məqsədlə, həssas qrupdan olan uşaqların valideynlərinə “Pozitiv valideynlik” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlimçi təcrübəli psixoloq-loqoped Vüsalə Əhmədova valideynlərə övladları ilə sağlam ailə münasibətləri haqqında geniş məlumat verib.
Əlavə olaraq, ailədə uşaqlarda baş verən serebral iflicin yaranma səbəbləri, formaları, müayinəsi və digər bu mövzuda valideynləri məlumatlandırıb.
Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.
Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ağırlıq dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər.
Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsürat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Daha sonra, Uşaq serebral iflicin müalicəsi haqqında məlumat verərək bildirdi ki, müalicə erkən dövrdə başlamalı və ömür boyu davam etməlidir.
Uşaq həkimi, uşaq nevropatoloqu, müalicəvi idman həkimi və fizioterapevt, loqoped, psixoloq, ortoped və başqa mütəxəssislər birgə çalışaraq, belə xəstələri sözün əsl mənasında ayaga qaldırmalıdırlar. Əsas müalicə fiziki və psixi funksiyaların məşqi yolu ilə nevroloji defektin azalmasına yönəlir.
Məqsəd müalicəvi idman, fizioterapiya, massaj vasitəsi ilə uşağın hərəkəti aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaqdır. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər. Son olaraq, müasir dövrdə doğulan hər 1000 uşaqdan 8-10-u bu xəstəlikdən əziyyət çəkdiyini bildirdi.
Təlim sonunda Vüsalə Əhmədova valideynlərin suallarını cavablayıb.
Sonda, birliyin sədri Xanım İsazadə layihə üzrə təlimdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Valideynlərə sertifikat təqdim olundu və xatirə şəkli çəkildi.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində davamlı olaraq təlimlər keçiriləcəkdir