Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələri TƏBİB-in tabeliyindəki tibb müəssisələrində orta tibb işçisi kimi cəlb olunacaq.
Qeyd olunub ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb. Əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.
Bu gün TƏBİB-in tabeliyindəki “Yeni klinika” tibb müəssisəsində Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları ilə bağlı görüş keçirilib.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov TƏBİB-in fəaliyyəti ilə bağlı iştirakçılara geniş məlumat verib və müəyyən olunan hədəflərdən, görüləcək işlərdən danışıb.
A.Nəsirov bildirib ki, cari ilin ötən müddəti ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə 12 min 440 işçi işə qəbul olunub:
“Tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 215 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 nəfəri orta tibb işçisi, 22 min 608 nəfəri kiçik tibb işçisidir”.
Çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları istiqamətində görüləcək işləri yüksək qiymətləndirib. Prorektor bildirib ki, tələbələrin hələ təhsil aldıqları müddətdə işlə təminatı və əmək mühiti ilə tanış olması onların gələcək karyeralarında mühüm rol oynayacaq.
TƏBİB-in tabeli tibb müəssisələrinin rəhbərləri də işin təşkili barədə iştirakçılara geniş məlumat verib.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.