Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrası və "Gedeon Richter" şirkətinin təşkilatçılığı ilə “Kariprazin: şizofreniya müalicəsi üçün unikal imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib.
"Medicina" xəbər verir ki, universitetin rektoru, Psixiatriya kafedrasının müdiri professor Gəray Gəraybəyli konfransın mövzusunun kifayət qədər aktual olduğunu bildirib. O, şizofreniyanın xroniki gedişatı ilə əlaqədar əmək qabiliyyətinin itməsi, etiologiya və patogenezinin dəqiq öyrənilməməsi, bu səbəbdən konkret müalicəsinin olmaması onu psixiatriyanın ən əsas probleminə çevirdiyini qeyd edib:
“Psixiatriya sahəsində stasionar müalicə alan pasiyentlərin əksəriyyəti məhz bu xəstəlikdən əziyyət çəkir. Bu gün xəstəliyin müalicəsində müxtəlif preparatlardan istifadə olunsa da, mütəmadi olaraq yeni dərmanlar hazırlanır.
Bu konfransda yeni və effektivliyi sübut edilmiş preparatdan bəhs olunacaq. Həmçinin, şizofreniyanın neqativ simptomlarına ənənəvi və müasir baxışlar araşdırılacaq, bu sahədə son elmi tədqiqatların nəticələri elan olunacaq. Həmçinin, neqativ pozğunluqların müalicəsi imkanlarının nəzərdən keçirilməsinə xüsusi diqqət yetiriləcək”.
Rektor G.Gəraybəyli şizofreniyaın müalicəsində tətbiq edilən yeniliklərə həsr olunmuş mühazirələrin bütün tibb ictimaiyyəti üçün önəmli olduğunu bildirib.
Sonra V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin filialı olan Moskva Elmi-Tədqiqat Psixiatriya İnstitutunun psixi xəstəliklərin müalicəsi şöbəsinin müdiri, Rusiya Tibb Akademiyasının Davamlı Peşəkar Təhsil Psixiatriya kafedrasının müdiri professor Sergey Mosolov “Şizofreniyanın neqativ simptomlarının diaqnostikası və müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. O, şizofreniyanın neqativ simptomlarının əksər hallarda bu xəstəliyin neqativ sosial nəticələrini müəyyən etdiyini söyləyib. Eyni zamanda, son onilliklər ərzində bu əlamətlərin diaqnostik dəyərləndirilməsi və bu məsələyə yanaşmanın da əhəmiyyətli şəkildə dəyişdiyini vurğulayıb.
Məruzəçi Rusiya Psixiatrlar Cəmiyyətinin keçirdiyi sorğuların nəticələri, rusiyalı mütəxəssislərin təcrübəsinə də istinad edərək bildirib ki, şizofreniya xəstələrinin yarısından çoxunda ən azı bir neqativ simptom müşahidə olunur.
Medicina.az