Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı qadının boynunda iki müxtəlif səviyyədə yerləşən yırtıq əməliyyat olunub.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən medicina.az-a verilən məlumata görə mürəkkəb əməliyyat uğurla nəticələnib.
Bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov bildirib. Bildirilir ki, qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkən xəstənin müayinəsi zamanı boynunun 2 tərəfində yırtıqlar aşkarlanıb.
Neyrocərrahın sözlərinə görə, xanım müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasını seçib.
Bütün müayinələrdən sonra xəstəyə cərrahiyyə əməliyyatı təyin edilib: "Əməliyyatın çətinliyi ondan ibarətdir ki, 3-4-cü boyun fəqərələrarası diski çıxarmaq texniki baxımdan bir qədər çətin prosesdir. Digər tərəfdən, əməliyyatı mürəkkəbləşdirən digər cəhət yırtıqların iki müxtəlif səviyyədə yerləşməsi ilə bağlı idi. Belə ki, bir yırtıq 3-4-cü, digəri isə 5-6-cı fəqərələrə düşüb. Yəni, biz ortada bir sağlam disk saxlamaqla, yırtıqları çıxarmalıydıq”.
Mürəkkəb əməliyyat saat yarım davam edib və uğurla nəticələnib.