Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri ilə yanaşı, respublikanın ali təhsil müəssisələrinin də elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan, ölkədə elektron elmin texnoloji platformasını təşkil edən AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən istifadəsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir.
Medicina.az xəbər verir ki, bu yaxınlarda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin şəbəkə infrastrukturunun AzScienceNet elm-kompüter şəbəkəsi vasitəsilə beynəlxalq Eduroam şəbəkəsinə qoşulması təmin olunub. Bunun nəticəsində universitetin əməkdaşlarına Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (Gigabit European Advanced Network Technology, GEANT) Eduroam xidmətindən istifadə imkanı yaradılıb.
Hazırda Tibb Universitetinin professor-müəllim heyəti və tələbələr Avropanın müxtəlif universitetlərinə və elm mərkəzlərinə ezamiyyətləri zamanı bu xidmətdən istifadə edirlər.
Qeyd edək ki, Eduroam alim, tədqiqatçı, müəllim və tələbələrin İnternetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən İnternetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.