Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Son günlərin ən çox müzakirə olunan məsələsiAta doğuş prosesində iştirak etməlidirmi?

  • 2018.11.05 16:27
  • 15804 Baxış
 - Son günlərin ən çox müzakirə olunan məsələsi Ata doğuş prosesində iştirak etməlidirmi?
Bir neçə gün əvvəl Türkiyə futbol millisinin hücumçusu Cenk Tosunun oğlu dünaya gəlib. Futbolçunun doğuş prosesində iştirakı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İstifadəçilərin bəziləri atanın doğuşda iştirakını iyrənclik, tərbiyəsizlik, bəziləri isə həyat yoldaşına dəstək kimi qiymətləndirib.


Azərbaycanda bir çox özəl klinikalarda atanın doğuş prosesində iştirakına ödəniş müqabilində icazə verilsə də, dövlət xəstəxanalarında iştirakın mümkünsüz olduğu deyilir.


Medicina.az-ın xəbərinə görə, məsələ ilə bağlı Open.az-a açıqlama verən Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib ki, qanunvericilikdə təlimata uyğun olaraq partnyor doğuşuna müəyyən şərtlər altında icazə verilir: "Həmin şərt ondan ibarətdir ki, partnyor ana ilə birlikdə qadın məsləhətxanasında analar məktəbində hər bir dərsdə iştirak edib, doğuşun idarə olunması və digər məsələlər barədə təlimlənib. Bunun üçün doğuşa girmək istəyən ataya doğuşun nə olduğunu, necə nəfəs almaq lazım olduğu bildiyi haqda arayış verilir. Qadının istəyi də burada vacib amillərdən biridir. Həmçinin doğuşa daxil olacaq partnyorun sağlamlıq arayışının olması lazımdır. Çünki onun kəskin respirator virus infeksiyası, asqırıb-öskürməsi olmamalıdır. Özəl xəstəxanalar bundan kommersiya məqsədi ilə pul qazanırlar. Amma dövlət müəssisələrində buna icazə verilmir. Çünki dövlət müəssisələrində çox vaxt doğum zalları üzbəüz olur. Bir doğum zalında kişi olarsa, o həmin proses vaxtı çıxacaq, girəcək, söz də deyə bilməyəcəksən. Həmin vaxt digər zalda başqasının arvadı tək doğursa, onlar zallardan bir-birlərini görəcəklər. Bu, mentalitet baxımından da düzgün deyil".


Sevinc Məmmədova qeyd edir ki, bəzən doğuş normal getsə də, uşaq iri olur, ana yorulur və onda doğum zəifliyi yaranır: "Bu vaxt məcburuq ki, qadına iynə vuraq, sistem qoşaq. Bunları edəndə də partnyor o qədər sual verir ki, həkim bilmir qadının qayğısına qalsın, ya partnyora nəyi niyə etdiyini izah etsin. Bu vaxt da qadının fikri ərinin yanında qalır. Fikri doğuşdan yayınır. Çox vaxt kişilər doğuşa hazırlıqlı olmurlar. Onlar qan, uşağın doğulmasını görəndə özlərindən gedir, halları dəyişir. Dövlət xəstəxanalarında hər doğan ananın bir həkim, bir sanitarka, bir akuşerkadan ibarət komandası olur. Onlar birbaşa ana və uşağa qulluq üçün nəzərdə tutulub. Özəl xətəxanalarda isə balaca yer olduğuna görə hamı yanında olur. Atanın ürəyi gedəndə cərrahı da, terapevti də gələ bilir. Aparıb xəstəni müayinə edirlər. Axırda da hesab verirlər ki, atanın ürəyi getmişdi, yoxlatdırdıq, 500 manat borcunuz var”.


Uşaq və Ailə Mərkəzinin rəhbəri, uşaq psixoloqu Kəmalə Baxış isə bildirib ki, bu seçim çox özəldir və qadının icazəsi ilə mümkündür: "Bəzən kişilər məcbur edir ki, mən də doğuşda istirak edim. Əgər qadın yoldaşının dəstəyini və bu anı onunla birgə yaşamağı istəyirsə, buna icazə verilir. Bəzi kişilər həssas olurlar. Onları da başa düşmək lazımdır. Bəzən kənardakı şəxslər kişinin doğuşda iştirakına ayıb kimi baxırlar. Amma orada kişi sadəcə sancı çəkən xanımının əlindən tutur, mənəvi dəstək olur. O, həkim kimi doğuş qəbul etmir, həmin prosesi açıqlığı ilə izləmir”.