“18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam şəxslər qan verə bilərlər”.
Bunu “Report”a açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib.
Onun sözlərinə görə, qanvermədən əvvəl donor ac olmamalı, ən azı iki saat əvvəl dəmir və proteinlə zəngin qidalar qəbul etməlidir:
“Qan verən şəxs kifayət qədər su içməlidir. Bununla yanaşı, ağır fiziki fəaliyyətdən çəkinməli, yaxşı istirahət etməlidir. Həmçinin ən azı bir saat əvvəl siqaret çəkməməlidir”.
Q.Ələkbərova onu da bildirib ki, qan verdikdən sonra mütləq şəkildə bol maye qəbul etmək lazımdır:
“Qan verdikdən sonra ən azı iki saat ərzində siqaret çəkilməməlidir. Eyni zamanda qola yapışdırılmış bandajı iki saat saxlamaq lazımdır. Uzun müddət ayaq üstə qalmaq məsləhət görülmür. Ağır fiziki işlərlə məşğul olmaq və eyni zamanda qan verilən qolla ağır yük qaldırmaq olmaz. Donorlar qan verdikləri gün bədəni həddən artıq yoran, maye itkisinə yol açan və təzyiqin aşağı düşməsinə zəmin yaradan (sauna, hamam və s.) fəaliyyətlərdən uzaq durmalıdırlar”.
Qeyd edək ki, avqustun 8-i Məhərrəm ayının 10-u, yəni Aşura günüdür. Ənənəvi olaraq, Azərbaycanda Aşura günündə qanvermə aksiyası keçirilir. Bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar aşağıdakılardır:
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu Şah Abbas məscidi
Səbail rayonu Bibiheybət məscid-ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu “Təzə Pir” məscidi
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Beləliklə, ümumilikdə, qanvermə aksiyaları altı məscid və ziyarətgahda, habelə səkkiz səhiyyə müəssisəsində həyata keçiriləcək.