Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ağsu Xəstəxanasından azyaşlı uşağa gips qoyulması ilə bağlı AÇIQLAMA

  • 2017.09.26 13:12
  • 12892 Baxış
Ağsu Xəstəxanasından azyaşlı uşağa gips qoyulması ilə bağlı  AÇIQLAMA
Ağsu rayon Mərkəzi Xəstəxanası sentyabrın 21-də yaş yarımlıq uşağın qoluna gips qoyulması ilə bağlı məlumatlara müasibət bildirib.


Medicina.az xəbər verir ki, xəstəxananın baş həkiminin müavini Əli Hüseynov Trend-ə açıqlamasında bildirib ki, məlumatlarda təhrif olunma var və uşağın qoluna gips qoyulmayıb.


O qeyd edib ki, vətəndaş xəstəxanaya müraciət edərək uşağın qolunda ağrılar olduğunu bildirib: "Xəstəxananın həkimi xəstəni müayinə edib. Məlum olub ki, uşağın qolunda oynaq gərilməsi var. Həkim də xəstənin qoluna yarımgips (langet) qoyub və uşaq ambulator müayinəyə buraxılıb. Həkim dəfələrlə uşağın valideynlərinə bildirib ki, uşağı gətirib müayinədən keçirsinlər, langetdən sonrakı vəziyyətə baxış keçirilsin. Amma valideynlər uşağı xəstəxanaya gətirməyiblər. Uşaq evə gedəndən sonra evdə tibb işçisi olmayan şəxs langetə müdaxilə edib və langeti kəsmək istəyib. Bu zaman uşağın qoluna xəsarət yetirilib və yaraya infeksiya düşüb. Əslində, langet tibbi üsulla açılmalıdır. Langet kəsilib xəsarət yetiriləndən sonra da valideynlər həkimə məlumat verməyiblər. Bir müddətdən sonra uşağın qolunda infeksiya yayılıb və valideynlər bundan sonra xəstəxanaya gəlib həkimi ittiham etməyə başlayıblar".


Ə.Hüseynov bildirib ki, məsələ ilə bağlı valideynlər məhkəməyə müraciət edə bilərlər.


Xatırladaq ki, sentyabrın 21-də Ağsu rayon Mərkəzi Xəstəxanasında rayonun Elabad kənd sakini, 2016-cı il təvəllüdlü Sevinc Sarılının qoluna gips qoyulması və nəticədə uşağın qoluna xəsarət yetirilərək infeksiya düşməsi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, uşağın qolunda sınıq olmadığı halda xəstəxananın həkimi Fazil Əzizov qolda sınıq olduğunu deyərək gips qoyub.