Azərbaycanın Kosmik Agentliyinin ("Azərkosmos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda öz işinə başlayan 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ATU-da tələbələrin astronavtlarla görüşü baş tutub.
"Medicina" xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov qonaqları ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından salamlayıb. Azərbaycanın son illərdə çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirən prorektor, bu möhtəşəm beynəlxalq konqresin ölkəmizdə keçirilməsinin də qürurverici bir hadisə olduğunu deyib: “Qeyd etmək istərdim ki, Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi kosmik sənayeyə verdiyimiz önəmin nəticəsidir. Hələ 50 il əvvəl, 1973-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi böyük tarixi hadisə idi. Hazırda ölkəmizdə keçirilən 74-cü konqresin “Heydər Əliyev İli”nə təsadüf etməsi isə xüsusilə əlamətdardır. Tədbirdə 30 müxtəlif ölkədən 1500-dən çox iştirakçının toplanması Azərbaycan Respublikasının inkişafının və dünya arenasında qabaqcıl yerinin bariz nümunəsidir”.
Z.Musabəyov konqres çərçivəsində Bakıya gəlmiş dünyanın tanınmış astronavtları Anthony Antonelli, Alper Gezeravci, Yulie Payette və Anna Kikinanın universitetimizin qonağı olmalarından məmnunluğunu dilə gətirib. Prorektor astronavtlarla görüş imkanı yaratdığına görə Azərbaycanın Kosmik Agentliyinə və həmin qurumun təmsilçisi İmran Muxtarova minnətdarlığını bildirib. O, tələbələri “Kosmos və səhiyyə” mövzusunda sual-cavab sessiyasında fəal olmağa çağırıb.
“Azərkosmos”un təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov çıxış edərək 50 ildən sonra Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsinin sevindirici hal olduğunu vurğulayıb. Diqqəti bir neçə fakta yönəldərək, 3670 elmi məqalənin dünyanın 89 ölkəsində təqdim edildiyini söyləyib. O cümlədən 14 universitetin təmsilçiliyi ilə tələbələr tərəfindən təqdim olunan 214 elmi məqaləyə görə Azərbaycanın dünyada ilk beşlikdə yer almasını yüksək qiymətləndirib: “ABŞ, İtaliya, Hindistan və Çindən sonra Azərbaycanın 5-ci yeri tutması çox böyük nailiyyətdir. Böyük bir konqresin bir parçası olan beynəlxalq astronavtlar proqramı da çox önəmlidir. Konqres çərçivəsində keçirilən bu görüşlər 5 universitetdə, 4 məktəbdə və digər inkuliziv, eləcə də idman, sosial uşaq və gənclər mərkəzlərində olmaqla toplam 12 görüşdən ibarətdir. Bu gün Azərbaycan Tibb Universitetindəyik. Professor Gəray Gəraybəyli başda olmaqla universitet rəhbərliyinə təşəkkür edirik. Paraolimiadaçılarımız, eyni zamanda inkuliziv uşaqlarımız, məktəblilərimiz, tələbələrimiz, professor-müəllim heyəti üçün nəzərdə tutulan bu proqrama 3000-ə yaxın şəxs qatılıb. Azərbaycanın Kosmik Agentliyi uzun illərdir ki, tələbələrlə, gənc alimlərlə və bu sahənin mütəxəssisi olan insanlarla aktiv fəaliyyət aparır. İndi əsas məqsədlərimizdən biri təkcə peyklərin operatorluğunu həyata keçirmək deyil, ölkədə kosmik ekosistemin inkişafına, tələbələrimizin, gənc alimlərimizin, eləcə də digər kateqoriyadan olan cəmiyyət mənsublarının kosmos elmi haqqında maarifləndirilməsinə dəstək göstərməkdir”.
Daha sonra astronavtlar kosmosa uçmaq arzularının necə yaranmasından danışıblar.
Qarşılaşdıqları çətinliklərdən və uçuş təcrübələrindən də söhbət açan astronavtlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Xatırladaq ki, Bakıda Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.