Kortəbii şəkildə aspirin qəbul etmək qətiyyən olmaz.
"Medicina" xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.
Həkim qeyd edib ki, aspirin sadəcə olaraq bəzi xəstələrdə laxtalanma riskini azalda bilər. Xüsusilə ağciyər və ürəkdə olan laxtalanmalar çox təhlükəlidir. Ağciyər damarlarında laxtalanma pulmonar emboliya adlandırılan, nəfəs almaqda çətinlik yaradan bir xəstəliyə, ürək damarında olan laxta isə ürəyə atılırsa, infarkta səbəb ola bilər.
Cabir Gülmalıyev bildirib ki, aspirin COVID-19 virusuna qarşı qoruyucu təsir göstərmir.
"Aspirinin bu cür nəzarətsiz qəbulu qanaxma riskini artırır və sizə zərər verə bilər. Xüsusilə mədə qanaması, beyin qanaması riskini artıraraq həyatınızı təhlükə altına sala bilər. Bu dərman yalnız həkim təyinatı əsasında istifadə edilməlidir", - deyə uzman həkim əlavə edib.
Aygün Musayeva