“Son dövrlər səhhətimlə bağlı tibbi müəssisələrə müraciət etdim, icbari tibbi sığorta və ümumilikdə tibbdəki vəziyyətlə yaxından tanış oldum. Bəri başdan deyim ki, ölkədə əhali üçün ən vacib, gələcəyini müəyyən edən və uzun illər bərbad vəziyyətə salınmış, korrupsiyanın ən geniş yayıldığı iki sahə var:
Təhsil və Səhiyyədə baş verən korrupsiya hallarını sadalamaqla qurtarmaq olmaz. Çox yaxşı bilirəm ki, bu sahələri bu bərbad vəziyyətdən qurtarmaq üçün uzun illər lazımdır, ona görə də bu sahələrdə gördüyüm ən xırda müsbət işləri də qeyd etməyi özümə borc bilirəm”.
Bakupost.az xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov ilk dəfə icbari tibbi sığorta xətti ilə dövlət müəssisələrində səhhəti ilə bağlı bir çox müayinələrdən keçib.
O, icbari tibbi sığorta üzrə bəzi xəstəxanalarda çatışmayan cəhətləri də vurğulayıb.
“İcbari sığortanın necə işlədiyini bilmək üçün bütün müayinələri dövlət tibbi müəssisələrində hamı kimi ümumi qaydada keçdim. Onu qeyd edim ki, əvvəllər də olduğum Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir çox müayinələrdən keçdim, MRT üçün göndəriş aldım.
Əvvəllər hər müayinənin, hətta xəstəlik kağızının bir həkimdən başqasına aparmağın da öz qiyməti var idi. Bu dəfə heç kim heç nə tələb etmədi. Məni tanıyıb deyə heç kim rüşvət tələb etmədiyi hal ola bilər ehtimalıma görə növbələrə yaxınlaşıb buranın qiyməti neçədir sualını verdim. Soruşduğum bir neçə şəxs “indi hər şey pulsuzdur” cavabını verdilər.
Eyni halla 5 nömrəli xəstəxanada da rastlaşdım. Qeyd etməliyəm ki, keçdiyim müayinələrin özəl klinikalarda ümumi dəyəri təxminən 1000 manat civarında idi.
Əlbəttə, indi də bir çox problemlər var və ilk problem uzun növbələr, bir çox texniki əməliyyatların hələ də kompüter vasitəsi ilə olmaması, sistemləşməməsidir. İnsan o növbələri görəndə elə təsəvvür yaranır ki, bütün ölkə xəstədir. Ancaq 5 nömrəli xəstəxanada mühafizədən növbənin çoxluğu ilə maraqlandıqda bildirdilər ki, bundan bir neçə ay əvvəl növbə dəfələrlə çox idi. Hər iki tibb müəssisəsinin, xüsusilə 5 nömrəli xəstaxanada insanların normal müalicəsi üçün müvafiq şərait yaradılmalıdır”.