Düzgün qidalanmaq, orqanizmə zərər verən məhsullardan uzaq olmaq sağlamlığın əsas şərtlərindən biri sayılır. Qəbul edilən qidaların tərkibi nə çox yağlı, nə də çox duzlu olmamalıdır.
Medicina.az Azərtaca istinadən xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: "Bişirilən qidalara aşırı dərəcədə yağ əlavə etmək düzgün deyil, çünki onların reaksiyasından orqanizmdə ağır maddələr əmələ gəlir. Xüsusilə arterial təzyiqi yüksək olanlara, ürək-damar xəstəliyindən əziyyət çəkənlərə belə qidalar mənfi təsir edir. Yağın çoxluğu həzm prosesini ləngidir və şəkərli diabet xəstələri üçün həyati təhlükəyə səbəb ola bilər”.
Tez-tez yemək, yağlı yeməklərlə bərabər qazlı sular içmək tamamilə yanlışdır. Süfrədə yağlı yeməklərlə yanaşı, mütləq həzmə rahatlıq gətirən göyərti və ağartı məhsulları da olmalıdır. Ağır yeməklərdən əvvəl yüngül qida və salatlar qəbul edilməlidir.
Həkim-diyetoloqun dediyinə görə, sağlamlığı qorumaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır: "Şüyüd, cəfəri, darçın çubuqları, az miqdarda zəncəfil, xiyarı xırda-xırda doğrayıb yeməklərə əlavə etmək məsləhətdir. Evdə hazırlanan detoks çayı axşam yeməyindən əvvəl də istifadə olunması faydalıdır, yeməkdən sonra isə detoks çayın dəmləmə variantını qəbul etmək olar. Onun qəbulu yağlı qidaların tərkibindəki xolesterinin orqanizmdən xaric olunmasını təmin edir”.
Yeməkdən dərhal sonra meyvə qəbul etmək də tövsiyə edilmir. Qidanın asan və rahat həzmi üçün yeməkdən yarım saat sonra bitki çayı içmək məsləhət görülür.