Nazirlər Kabineti yanında operativ qərargahın ölkədə mövcud durumla bağlı aldığı qərarları rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində də iş rejimində əsaslı dəyişikliklər edilib.
Bu barədə Medicina.az-a Dövlət Agentliyindən məlumat verilib.
Dövlət Agentliyinin və tabeliyində olan qurumların ("İnnovasiyalar Mərkəzi", "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD") əməkdaşlarının sağlamlığına olan təhlükənin aradan qaldırılması və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla “işlərin evdən idarə olunması” (work from home) sisteminin tətbiqi reallaşdırılıb. Belə ki, Dövlət Agentliyinin daxilində yaradılmış “Böhran qrupu”nun nəzarəti altında "Məişət şəraitində iş rejimi üzrə Təlimat" hazırlanıb və əməkdaşların həmin Təlimatla tanışlığı təmin edilib.
Əməkdaşlar evdən işin təmin edilməsi məqsədilə hazırlanmış Təlimatı yerinə yetirməklə iş prosesini əvvəlki qaydada həyata keçirə bilərlər. Koronavirus pandemiyasına qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə "Google", "Microsoft", "Twitter", "Apple", "Amazon" kimi nəhəng şirkətlərdə də tətbiq olunan bu model böhran şəraitlərində işin effektivliyini təmin edir.