Artıq ana ola bilməyən qadınlar da övladlığa götürdükləri körpəni əmizdirə biləcəklər.
Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssislər bunun nazogastrik üsulla mümkün ola biləcəyini qeyd ediblər. Ankara Təhsil və Araşdırma Xəstəxanasının mütəxəssisi Xədicə Tatar Aksoy ana südünün həm anaya həm də uşağa faydalı olduğunu bildirib. Aksoyun sözlərinə görə, əmizdirməyə dəstək sistemi ilə artıq hər anaya bu imkan veriləcək:
"Uzun müddətdir, xarici ölkələrdə bu üsuldan istifadə edilir. Türkiyədə də yeni başlanılıb. Anaya südün gəlməsi üçün xüsusi süd artıran çaylar və dərmanlar verilir. Xüsusi üsullarla, qurduğumuz şəxsi sistem vasitəsilə ananın sinəsini masaj edərək südün gəlməsini təşkil edirik. Bundan sonra isə uşağın ana məməsini əmə bilməsi üçün kömək edirik. Bununla da körpə həm qidalanacaq, həm də ana məməsini əməcək”.
Qurduqları sistem haqqında məlumat verən Aksoy vacib nüansları da qeyd edib:
"İncə boru kimi nazogastrik probu ana məməsinin ucuna birləşdiririk. Körpə ananı əmdiyini zənn edərək hələ gəlməmiş ana südünün kiçik qismini əmmiş olur. Qadın bu üsulla, uşağın bioloji olaraq əsl anası olmasa da, körpəni əmizdirə biləcək”.
Sistemi bir neçə pasiyentdə tətbiq etdiklərini qeyd edən Aksoy, taxılan cihazın ana və onun məmə quruluşuna görə fərqləndiyini bildirib.