Şəkər xəstəliyinin müalicəsində istifadə edilən arıqladıcı iynə olan “Ozempic”in böyrəklərə də xeyirli olduğu müəyyən edilib.
Medicina.az xəbər verir ki, əvvəlki araşdırmalar iştahı azaldan bu cür arıqlama iynələrinin infarkt və insult riskini də azalda biləcəyini müəyyən etmişdi. Bu fayda “Ozempic” və “Wegovy” kimi iynələrdəki “semaglutide” adlı birləşmə ilə əlaqəlidir.
“The New England Journal of Medicine” jurnalında dərc edilən yeni bir araşdırma göstərib ki, bu maddə 2-ci tip diabet və xroniki böyrək xəstələrində ciddi böyrək ağırlaşmalarını, ürək sağlamlığı problemlərini və ölüm riskini azaldır.
“Ozempic” istehsalçısı “Novo Nordisk” tərəfindən maliyyələşdirilən tədqiqat zamanı həm 2-ci tip diabetdən, həm də xroniki böyrək xəstəliyindən əziyyət çəkən 3 533 insanın sağlamlıq vəziyyətləri təhlil edilib. Xəstələrin təxminən yarısına iki il ərzində, hər həftə aşağı dozada “semaqlutid”, digərlərinə isə “plasebo” verilib. Beləliklə, arıqlama iynələrinin həddən artıq kök insanlarda ürək çatışmazlığı əlamətlərini aradan qaldırdığı tapılıb.
Tədqiqatçılar daha sonra iştirakçıların vəziyyətlərini təxminən 3.5 il izləyiblər və müəyyən ediblər ki, “semaqlutid” qəbul edən xəstələrdə böyrək funksiyasını itirmək və ya dializ, eləcə də böyrək transplantasiyasına ehtiyac kimi ciddi problemlərlə qarşılaşma ehtimalı 24 faiz daha azdır.
Həmçinin qeyd olunub ki, bu qrupda infarkt kimi ciddi ürək probleminin yaranma ehtimalı 18 faiz, hər hansı səbəbdən ölmə ehtimalı isə 20 faiz aşağı olub.
Mütəxəssislər xroniki böyrək xəstəliklərinin əsas səbəbləri arasında şəkərli diabeti qeyd edirlər. İrəli səviyyələrdə böyrəklərin düzgün işləməməsi ürək xəstəliyi və insult riskini artıra bilər. Mövcud müalicə üsulları həmişə xəstəliyi aradan qaldıra bilmir və dializ tələb oluna bilir.Bu baxımdan, yeni araşdırmanın ümidverici nəticələrə malik olduğunu söyləmək olar.
Araşdırmanın müəlliflərindən biri olan Dr. Vlado Perkoviç deyir: "Biz insanları daha uzun yaşada bilərik. Bu dərmanı əlçatan etməklə biz insanların böyrəklərini, ürəklərini xilas edə bilərik. Müalicənin bunu edə bilməsi olduqca diqqətəlayiqdir”.
Qeyd edək ki, digər tərəfdən, tədqiqatın bəzi məhdudiyyətləri var. Tədqiqat dərman istehsalçısı tərəfindən maliyyələşdirilib. Həmçinin iştirakçıların əksəriyyəti ağ dərili kişilər olub. Eləcə də “semaqlutid” birləşməsinin böyrəklər üçün hansı səbəblə faydalı olduğu da məlum deyil. Alimlər dərmanın böyrək xəstəliyini pisləşdirən iltihabı azaltmaqla bunu etdiyini fərz edirlər, lakin bunu təsdiqləmək üçün daha çox araşdırma aparılmalıdır. Bəzi həkimlər isə “semaqlutid”in uzun müddətdə risklər yarada biləcəyindən narahatdırlar.
Tədqiqat qrupu hazırda arıqlama iynələrində olan bu maddənin şəkərli diabeti olmayan böyrək xəstələrinə oxşar şəkildə təsir edib-etməyəcəyini araşdırmağı planlaşdırır.
Aysel