Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.
Qəsəbənin korpus 8 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Nizami Mirzəyevi arı sancıb. Həmin şəxsin ailə üzvləri dərhal təcili yardım çağırıblar. Nizami Mirzəyevi xəstəxanaya çatdırmaq istəsələr də, 57 yaşlı kişi yolda keçinib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
İnsan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi?
Medicina.az Trend-ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, toksikoloq Azər Maqsudov belə hadisələrə nadir hallarda rast gəlindiyini bildirir.
Həkimin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının neştərindəki zəhər deyil: "Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Belə halda da çox vaxt ölüm baş vermir. Ola bilər ki, arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olar, orada dil və ya digər yumşaq toxumaları sanca və şok vəziyyət yarada bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur. Bizim şöbəyə arı sancması ilə bağlı müarciətlər edirlər. Lakin, heç bir halda ölüm halı olmayıb".
A.Maqsudov bildirib ki, arı sancmasından sonra şok vəziyyəti, ölüm daha çox həssas insanlarda baş verir: "Arının neştərində zəhər həddindən artıq azdır. Bu zəhərin həm təsiri azdır, həm də miqdarı. Zəhərin kimyəvi tətkibi də biokimyəvi maddələrlə zəngin deyil. Bu prosesdə əsasən orqanizmin həssaslığı rol oynayır. İnsanın orqanizmi həssas olur, arı sancmasından şok yaşayır və bu da onun ölümünə səbəb ola bilər".
Şöbə müdiri bildirib ki, iyun-iyul aylarında toksikologiya şöbəsinə arı sancması ilə bağlı 4 nəfər müraciət edib: "Onlardan 3-ü iyun, 1 nəfər isə iyul ayında müraciət edib. Həmin şəxslərə lazımi tibbi xidmət göstərilərək evə buraxılıb. Əsasən arı insanları isti aylarda sancır".