İsti havaların davam etdiyi bir həftə yaşı 50-dən yuxarı olan insanlara, siqaret çəkənlərə, artıq çəki və piylənmədən əziyyət çəkənlərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlara daha çox təsir edir:
"Medicina" xəbər verir ki, Klinik Tibbi Mərkəzin həkim-kardioloqu Sevil Hüseynova isti havada qanın qatılaşdığını bildirib.
“İsti havada damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gəlməsi riski artır.
Yüksək hərarətdə istənilən fiziki aktivlik, hətta piyada gəzmək belə, tərləməni və su itkisini artırır. Bu su ilə birgə lazımi mikroelementlər, minerallar, kalium, natrium, maqnezium da yuyulub gedir. Bunlar isə ürəyin normal işləməsi üçün çox lazımdır. Nəticədə qan dövranının miqdarı azalır, nəbz yüksəlir, taxikardiya başlayır. Bütün bunlar ürək çatışmazlığı, insult, infarkt riskini xeyli artırır.
Bunların qarşısını almaq üçün günün ən qızmar vaxtlarında açıq havaya çıxmamaq (xüsusilə, saat 12-18 arası), gün ərzində çoxlu su içmək (qazlı, şirin su içmək olmaz, çox isti çay da məsləhət deyil), yağlı, duzlu və ətli yeməklərdən uzaq durmaq, spirtli içkilər qəbul etməmək, sıx alt geyimlər, sintetik parçalar istifadə etməmək məsləhətdir, başda Günəş üçün papaq və ya çətirlə gəzmək lazımdır”.
Aygün Musayeva